Dövlət qurumları arasında üzgüçülük yarışının açılış mərasimi keçirilib - FOTO

Xəbərlər
10 Fevral 2024 11:35
Dövlət qurumları arasında üzgüçülük yarışının açılış mərasimi keçirilib - FOTO

Dövlət qurumları arasında üzgüçülük üzrə turnirinin açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, Su İdman Sarayında təşkil olunan tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyi və müxtəlif qurumların rəsmiləri iştirak ediblər.

Mərasimdən öncə komandaların təqdimatı olub. Daha sonra Dövlət Himni səsləndirilib.

GİN-nin idman şöbəsinin müdiri Elnur Məmmədov idmançılara uğurlar arzulayaraq bildirib ki, yarışlarda dövlət qurumları fəal iştirak edirlər: "Dövlət qurumları bizə bu yarışın keçirilməsində də dəstək olurlar. Onlara təşəkkür edirəm. Yarışa qatılacaq 72 iştirakçıdan 12-si qadındır. Ümid edirik ki, əvvəlki tədbirlərdə olduğu kimi bu yarış da uğurlu alınacaq. Güclü olan qalib gəlsin".

Daha sonra baş hakim Rəşad Əbdülrəhmanov yarışın qaydalarını izah edib.

Turnirdə 21 qurumdan 72 iştirakçı qalib adı uğrunda mübarizə aparacaq. 1 gün davam edəcək yarışda komandaların heyəti 4 kişi və eyni sayda qadından ibarətdir. Yarış üzgüçülüyün müxtəlif növləri üzrə şəxsi və komanda birinciliyi şəklində təşkil olunur. Sonda qaliblərə GİN-nin diplom və medalları təqdim olunacaq.

Qeyd edək ki, bundan sonra dövlət qurumları arasında 30-a yaxın yarışın keçirilməsi nəzərdə tutulub. Üzgüçülük turnirinin keçirilməsində əsas məqsəd oturaq iş rejimində işləyənlər arasında sağlam həyatı təbliğ etmək və onları buna cəlb etməkdir.

Emin Ağa
İdman.biz

Məqalədə: