Azərbaycanda ilk dəfə keçirilən üzgüçülük üzrə Dünya Kubokunun Bakı mərhələsində ilk qələbəni çoxqat Avropa və dünya çempionu Freya Kolbert qazanıb.
İdman.Biz-ə açıqlamasında idmançı yarışın startındakı təəssüratlarını bölüşüb və 2019-cu ildə Avropa Gənclər Olimpiya Festivalında iştirak etdikdən yeddi il sonra Azərbaycana qayıtmağın onun üçün necə hiss olduğunu danışıb:
“Bu, kiçik yay fasiləsindən sonra mövsümdəki ilk yarışımdır və 400 metr məsafə ilə başlamaq kifayət qədər çətindir, buna görə də bir az həyəcanlı idim. Lakin əlimdən gələni etdim və tempi saxlamağa çalışdım. Bu hovuz mənim çox xoşuma gəlir. Mən bura hələ gənc yaşlarımda gəlmişdim, yəni 15 yaşımda burada olmağımdan artıq, yəqin ki, yeddi il keçib. Bu qədər vaxtdan sonra geri dönmək və burada, Bakıda sanki dövrənin tamamlandığını hiss etmək çox xoşdur”.
Kolbert belə uğurlu başlanğıcın növbəti yarışlar üçün ona əlavə motivasiya verdiyini deyib:
“Şübhəsiz ki! “Triple Crown” (“Üçlü Tac”) adlanan xüsusi bonus nəzərdə tutulub. Əgər mən bu yarışı və növbəti iki mərhələni qazansam, sonda pul mükafatı alacağam. Bu da turun digər mərhələləri boyunca mənim motivasiyamı həqiqətən artırır”.
Qeyd edək ki, Freya Kolbert ilk yarış günündə 400 metr məsafəyə sərbəst üsulla üzmədə qızıl medal qazanıb.
