“Bizim üçün hazırda əsas medal sayı deyil, ciddi və köklü inkişafa nail olmaq istəyirik”.
İdman.Biz xəbər verir ki, bunu Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyev federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
O, Azərbaycanda su idman növlərində peşəkar kadr çatışmazlığı olduğunu deyib.
“Ölkəmizdə su idman növlərinin ənənələri çox zəngin olmayıb, peşəkar kadrlar azdır. Bu boşluğu doldurmaq üçün idman direktoru vəzifəsinə kanadalı Pyer Lafonten, millinin baş məşqçisi postuna isə isveçrəli Luka Qabrilo gətirildi. Həmçinin bədii üzgüçülük, su polosu və suya tullanma üzrə tanınmış mütəxəssislərlə əməkdaşlığa başladıq. Qarşıda bizi mötəbər yarış gözləyir. 'Silk Road Tour'un Bakı mərhələsi oktyabrın 1-3-də Su İdmanı Sarayında keçiriləcək. Bu turnir Dünya Kubokunun bir hissəsi olacaq. Yarışla əlaqədar Dünya Su İdmanı Federasiyasının prezidenti ilə müqavilə imzalamışıq. Çalışacağıq ki, Bakının 2026-cı il Dünya İdman Paytaxtı statusuna uyğun olaraq bu turniri ən yüksək səviyyədə təşkil edək”.
Zaur Əliyevin kütləviliyin artırılması və yeni qaydaların formalaşdırılması istiqamətindəki hədəfləri açıqlayıb:
"Strategiyamızın əsas istiqamətlərindən biri kütləvilikdir. Çalışmalıyıq ki, əhalinin daha böyük hissəsi üzməyi bacarsın və sevsin. Bunun üçün 2026-cı il ərzində orta təhsil ocaqlarında maarifləndirici layihələr həyata keçirməyi planlaşdırırıq. Həmçinin yerli məşqçilərin və hakimlərin peşəkarlığı artırılmalıdır. Hazırda kimə “üzgüçü”, kimə “məşqçi” dediyimiz, statistikaların necə aparılacağı və milli komandaya üzvlük meyarları ilə bağlı qaydalar formalaşdırılıb. Yaxın zamanda bu qaydalar ictimaiyyətə təqdim olunacaq və əminik ki, bundan sonra inkişafımız daha da sürətlənəcək”.
