Mən altı aydır ki, bu yarışı gözləyirdim. Bu döyüş mənim üçün çox lazım idi və qalibiyyətimi öz millətimə, eyni zamanda, Vətənimə borcluyam.
İdman.biz xəbər verir ki, bu sözləri Azərbaycan və Belarusu təmsil edən kikboksinq üzrə "One Championship" Dünya Qran-Prisinin qalibi və yüngül çəkidə mütləq çempion, eyni zamanda, "ONE Fight Night 13"də növbəti qələbəsini qazanan Çingiz Əlləzov bildirib.
İdmançı qeyd edib ki, bu döyüş onun sonuncu qarşılaşması ola bilər: "Artıq karyeramın sonlarına yaxınlaşıram. Sonuncu görüşlərimi Ukraynada, Azərbaycanda və Rusiyada keçirmək istəyirəm. Bütün azarkeşlərimə minnətdarlığımı bildirirəm. Sözün əsl mənasında mənə çox böyük dəstək oldular. Mən fəxr edirəm ki, azərbaycanlıyam".
Çingiz Əlləzov Azərbaycan vətəndaşlığı almaq istədiyini də qeyd edib: "Bundan öncəki müsahibələrimdə də bildirmişdim ki, mən Azərbaycan vətəndaşlığı almaq istəyirəm və çox ümid edirəm ki, bu arzum da yerinə yetər. Şükürlər olsun ki, hazırda öz vətənimdəyəm, burada gəzmək istədiyim çox yer var.
Mənim babam hər zaman mənə deyirdi ki, erməni əsilli idmançı Marat Qriqoryanı udub ona qalib gəlməlisən. Mən ona verdiyim sözü yerinə yetirdim. Ona görə bu döyüşümü babama həsr edirəm".
İdman.biz