Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları Vətənə qayıdıblar.
İdman.Biz xəbər verir ki, Bakıya Olimpiadanın gümüş mükafatçıları - taekvondoçu Adil Kazımlı (73 kq) və boksçu Gülər Hüseynova (51 kq), eləcə də yarışlarda iştirak edən digər idmançılar gəliblər.
İdmançılarla birlikdə Milli Olimpiya Komitəsinin (MOK) xarici əlaqələr idarəsinin müdiri, Azərbaycan nümayəndə heyətinin şef-de-missionu Anar Bağırov, məşqçilər və Olimpiya komandasının həkimi Ruslan Şərifov da Vətənə dönüblər.
Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılar üçün təntənəli qarşılanma mərasimi təşkil olunub. Mərasimdə MOK-un, Azərbaycan Taekvondo və Boks federasiyalarının əməkdaşları, məşqçilər, media və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, Dakar Olimpiadasında Azərbaycan səkkiz idman növü üzrə 13 idmançı ilə təmsil olunub. Milli komandamız yarışları üç qızıl və üç gümüş olmaqla, ümumilikdə altı medalla başa vurub.
Qızıl medalları cüdoçu İbrahim Talıbov (55 kq), çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazanıblar.
Gümüş medallara isə çimərlik güləşçisi Nihad Süleymanlı (80 kq), taekvondoçu Adil Kazımlı (73 kq) və boksçu Gülər Hüseynova (51 kq) sahib çıxıblar.
Azərbaycan millisi bu nəticə ilə ümumi medal sıralamasında 13-cü yeri tutub.
Medal sıralamasının qalibi 18 qızıl, 8 gümüş və 7 bürünc medalla Çin yığması olub. Yaponiya 11 qızıl, 8 gümüş və 9 bürünc medalla ikinci, Rusiya isə 8 qızıl, 4 gümüş və 2 bürünc medalla üçüncü pillədə qərarlaşıb.
