Yelkən idmanının Optimist və ILCA4 sinifləri üzrə açıq Azərbaycan reqatasına start verilib.
İdman.Biz xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Federasiyanın Şıxov çimərliyi ərazisində yerləşən yelkən mərkəzində yarışın reqlamenti, mübarizə qaydaları və çempionatda iştirak edən idmançılar barədə məlumat verilib. Rəsmi hissənin ardından yarışlara start verilib.
Reqatada Azərbaycanla yanaşı, Türkiyədən gələn 10 nəfərlik heyət də iştirak edir. İdmançılar Optimist və ILCA4 sinifləri üzrə mübarizə aparırlar.
Qeyd edək ki, yarış sentyabrın 14-dək davam edəcək. Mükafatlandırma mərasimi son yarış günü saat 18:00-dan etibarən keçiriləcək.
Qaliblərə diplom və medallar təqdim olunacaq. Bütün iştirakçılar isə Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən sertifikatlarla təltif ediləcəklər.
