Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək.
İdman.biz xəbər verir ki, yarış sentyabrın 29-da bulvar ərazisində təşkil olunacaq.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının binasının qarşısında təşkil olunacaq turnirin reqlamentinə əsasən, iştirakçılar fərdi və komanda şəklində olmaqla 1 və 2 nəfərlik kayak qayıqlarında 200 metr məsafədə mübarizə aparacaqlar.
Sentyabrın 28-i saat 10:00-dan 15:00-dək komandaların ümumi məşqi keçiriləcək. Sentyabrın 29-u saat 10:00-da yarışın rəsmi açılış mərasimi başlayacaq. Saat 11:30-dan etibarən isə yarış start götürəcək.
Qaliblər medal, diplom və hədiyyələrlə təltif ediləcəklər.
İdman.biz