1-2 sentyabr tarixlərində Mingəçevir şəhərində akademik avarçəkmə, kayak və kanoe üzrə keçiriləcək ölkə çempionatının püşkatma mərasimi baş tutub.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat yayıb.
Bildirilib ki, mərasimdə Azərbaycan Su İdman Növləri Federasiyasının nümayəndələri, hakimlər və məşqçilər iştirak ediblər. Püşkatmanın nəticələrinə əsasən idmançıların çıxış edəcəkləri qruplar, start ardıcıllığı və məsafələr müəyyənləşib.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışa Bakı və Mingəçevirdən 100-dən artıq idmançı qatılacaq. Onlar akademik avarçəkmə, kayak üzrə 1 və 2 nəfərlik, kanoe üzrə isə yalnız 1 nəfərlik qayıqlarda mübarizə aparacaqlar. Ölkə çempionatında ilk dəfə olaraq kayak üzrə qarışıq cütlüklərin yarışı da keçiriləcək.
Bu çempionat həmçinin sentyabr–oktyabr aylarında keçirilməsi planlaşdırılan ənənəvi “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə hazırlıq və seçim xarakteri daşıyır.
