“Prezident Kuboku”nun Füzulidə keçirilməsi planlaşdırılır

Müsahibə
1 May 2024 12:16
212
“Prezident Kuboku”nun Füzulidə keçirilməsi planlaşdırılır

“Prezident Kuboku” beynəlxalq reqatasının Füzulidə də keçirilməsi planlaşdırılır.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev Suqovuşanda “Prezident kuboku-2024” beynəlxalq reqatasının açılış mərasimində deyib.

Qurum rəsmisi bildirib ki, bu, qarşıdakı yarışlarda Füzuli mərhələsinin olmasını planlaşdırırlar: “Bununla bağlı Füzuli su hövzəsinə xaricdən gələcək mütəxəssislə birlikdə baxış keçiriləcək. Təbii ki, bütün prosesləri yekunlaşdırdıqdan sonra bu yarışımızı orda da keçirəcəyik”.

Neftçaladakı su hövzəsi ilə bağlı da məlumat verən Əliyevin sözlərinə görə, orada da müəyyən məşqlərin keçirilməsi gündəmdədir: “Neftçalada su hövzəsində heç bir problem yoxdur. Lakin orada axıntı müəyyən hissədə dayanır və davamlı şəkildə getmir. Sovet dönəmində isə həmin ətrafı dairə etmək olurdu. Bu da bizim üçün önəmli idi. Lakin burada həmin məsafə az olduğundan Neftçalada yarışların keçirilməsi mümkün deyil”.

Baş katib bildirib ki, “Prezident kuboku” beynəlxalq reqatasında ilk dəfə 5, ikinci dəfə 17 ölkə iştirak edirdisə, bu dəfə artıq 21 ölkə yarışımıza qoşulub: “Əsasən nəticə göstərən idmançıları cəlb edirik. İnanırıq ki, yığma üzləri bu yarışda yaxşı nəticə göstərəcəklər”.

Azərbaycanın akademik avarçəkəni Diana Dımçenkonun Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmasına münasibət bildirən Fərhad Əliyev idmanın bu növündə hər bir amilin çıxışa təsirinin olduğunu vurğulayıb: “Misal olaraq su, hava və s. kimi faktorları göstərə bilərəm. Təsnifat günü də kadrlara nəzər yetirsəniz şahid olarsız ki, külək güclü idi və yaranan dalğalar birbaşa iştirakçılara təsir edirdi. Dımçenkonun sahil avarçəkməsində də yaxşı nəticələri olduğu üçün avantajı yarandı. Bu məsafəni də keçmək onda ciddi problem yaratmadı”.

O, Həkəri və Sərsəng su hövzəsində isə əsasən ali idman növlərinin təşkilinin həyata keçirildiyini deyib: “Biz yenə də kanoe və avarçəkmə üzrə yarışlar təşkil edirik. Ötən il yayda Qəbələdə də müəyyən məşqlər keçdik, mütəxəssislər aparmışdıq. Amma sözü gedən su hövzəsindən yay aylarında istifadə edilir”.

Qeyd edək ki, “Prezident kuboku-2024” mayın 3-də başa çatacaq.

Banuçiçək Hüseynli
İdman.biz