Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Su İdmanı Növləri Federasiyasının (AWSF) birgə təşkilatçılığı əsasında sentyabrın 29-dan oktyabrın 1-dək avarçəkmə və kanoe üzrə “Mingəçevir Reqatası-2026” beynəlxalq turniri keçiriləcək.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, reqata üçün Azərbaycan komandasının heyəti ölkə çempionatının nəticələri və son yarışlarda göstərilən performans nəzərə alınmaqla formalaşdırılıb. Sentyabrın əvvəlində keçirilən Azərbaycan çempionatı məhz bu beynəlxalq yarış üçün hazırlıq və seçim xarakteri daşıyıb.
Kayak üzrə Elmir Tarverdiyev, Mustafa Vəlizadə, İvan Vorobyanski, Qiyas Əhmədov, Tengiz Qaqnidze, kanoe üzrə isə Hüseyn Səmədli, Fəxri Sadıqlı, Vaqif Mustafazadə kimi idmançılar son beynəlxalq yarışlarda və Azərbaycan çempionatında fərqlənən avarçəkənlər sırasındadır. Akademik avarçəkmə üzrə ölkə çempionatında uğurlu nəticələr göstərən idmançılar heyətə cəlb olunub.
Federasiyadan bildirilib ki, heyət seçiminin əsas meyarı idmançıların cari nəticələri və yarış hazırlığıdır. Xüsusilə Azərbaycan çempionatında göstərilən nəticələr, ayrı-ayrı məsafələrdəki göstəricilər, idmançının fiziki hazırlıq səviyyəsi və beynəlxalq rəqabətə hazır olması nəzərə alınıb.
Azərbaycan çempionatının “Mingəçevir Reqatası” üçün həm hazırlıq, həm də seçim xarakteri daşıdığı əvvəlcədən açıqlanmışdı. Buna görə heyət formalaşdırılarkən yalnız ad və əvvəlki nəticələr deyil, məhz son yarışdakı real göstəricilər əsas götürülüb.
Qeyd olunub ki, Azərbaycan komandasının əsas potensialı kayak və kanoe növlərində özünü göstərir. Son Azərbaycan çempionatında xüsusilə K1 və K2 üzrə 500 və 1000 metr, kanoedə isə C1 üzrə 500 və 1000 metr məsafələrdə fərqlənən idmançılar olub. Məsələn, İvan Vorobjanskiy K1 500 və 1000 metrdə, Hüseyn Səmədli C1 500 və 1000 metrdə qalib gəlib. Elmir Tarverdiyev və Mustafa Vəlizadə isə K2 500 metrdə birinci olublar.
Bununla yanaşı, Füzulidə keçiriləcək ilk yarış günündə K1 və C1 üzrə 200 metr məsafəyə yürüşlərin də olması komandaya sürət yarışlarında özünü göstərmək imkanı verəcək. Növbəti iki gün isə Mingəçevirdə bütün növlər üzrə yarışlar keçiriləcək.
Bildirilib ki, ümumilikdə məqsəd təkcə medal qazanmaq deyil, həm də gənc və perspektivli avarçəkənlərin beynəlxalq rəqabət təcrübəsini artırmaq və qarşıdakı daha böyük yarışlar üçün milli komandanın əsasını formalaşdırmaqdır.
Qeyd edək ki, 2022-ci ildən etibarən Azərbaycan Su İdmanı Növləri Federasiyası ardıcıl olaraq Suqovuşan, Köndələnçay su anbarlarında avarçəkmə və kanoe üzrə “Prezident Kuboku” və “Mingəçevir Reqatası” kimi beynəlxalq yarışlar keçirir. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bu il ilk dəfə olaraq Sərsəng su anbarında beynəlxalq yarış keçirilib. Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş “Prezident Kuboku-2026” reqatasının ilk günü Sərsəngdə baş tutub.
