“Mingəçevir Reqatası-2026” starta hazırlaşır – püşkatma və hakimlər iclası keçirildi - FOTO

28 Sentyabr 2026 20:29
86
“Mingəçevir Reqatası-2026” starta hazırlaşır – püşkatma və hakimlər iclası keçirildi

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Federasiyasının (ASİNF) birgə təşkilatçılığıyla sentyabrın 29-dan oktyabrın 1-dək keçiriləcək "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin püşkatma mərasimi baş tutub.

Idman.Biz xəbər verir ki, iştirakçı ölkələrin məşqçi heyətlərinin və hakimlərin qatıldığı püşkatma zamanı idmançıların yarış proqramına uyğun çıxış ardıcıllığı, həmçinin iştirak edəcəkləri məsafələr müəyyənləşdirilib.

Püşkatmaya əsasən turnirin ilk yarış günü sentyabrın 29-da Füzulidə, Köndələn su anbarında baş tutacaq. Bu mərhələdə kayak və kanoe üzrə 200 metr məsafədə yarışlar təşkil olunacaq.

Sentyabrın 30-u və oktyabrın 1-də isə idmançılar Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində bütün növlər və məsafələr üzrə yarışacaqlar.

Bundan başqa, beynəlxalq turniri öncəsi hakimlərin iclası keçirilib

İclasda yarışların keçirilməsi qaydaları, hakimlərin fəaliyyət istiqamətləri və texniki məsələlər müzakirə olunub. Həmçinin yarışın start və finiş nöqtələri müəyyənləşdirilib, fotofiniş sisteminin tətbiqi ilə bağlı hazırlıq işləri dəqiqləşdirilib.

Hakimlərə yarış prosesi zamanı diqqət yetiriləcək əsas məqamlar və texniki tələblərlə bağlı məlumat verilib.

Qeyd edək ki, "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparacaq.

İdman.Biz