Çexiyalı kanoeçi, hazırkı Olimpiya çempionu (C1, 1000 metr), dəfələrlə dünya və Avropa çempionu olan Martin Fuks Poznanda keçirilən kanoe və kayak üzrə dünya çempionatında iki medal qazanıb. O, 1000 metr məsafədə qızıl, 500 metr məsafədə isə gümüş medal əldə edib.
Üstəlik, Fuks 1000 metr məsafədə qazandığı qızıl medalı macar idmançı Daniel Feyeşlə bölüşüb. Hər iki kanoeçi finişə eyni vaxtda – 4 dəqiqə 7,44 saniyəyə çatıb.
Dünya çempionatını birbaşa hadisə yerindən işıqlandıran İdman.Biz Martin Fuksla dünya çempionatında qazandığı iki medalın yaratdığı təəssüratlar barədə söhbətləşib.
İdmançının sözlərinə görə, o, baş verənlərdən böyük zövq alır və gördüyü işin nəticəsini əldə etməkdən məmnundur:
“Bu, arzunun gerçəkləşməsi kimidir. Hər gün məşq edəndə podiumda dayanacağımı düşünürəm. 1000 metr məsafədə qalib gəldiyim və 500 metrdə gümüş medal qazandığım üçün çox xoşbəxtəm. C1-də iki medal qazanmaq mənim üçün xüsusi bir hadisədir. Çox xoşbəxtəm. Kanoeni sevirəm, məşq etməyi sevirəm, ümumiyyətlə, bu prosesin özündən zövq alıram”.
Olimpiya dövrünün ortasında rəqabət barədə sualı cavablandıran Martin Fuks qarşıdakı yarışları düşünərək tələsmədiyini və diqqətini hazırkı məqamlara yönəltdiyini bildirib:
“Baxarıq, nə olacaq. Olimpiadaya hələ iki il var, ona görə də sakitəm. Bu günlə yaşayıram. Hazırda Olimpiada barədə düşünmürəm. Gücümü bərpa etməliyəm. Çünki qardaşımla C2-də hələ yarışlarım olacaq. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Qısa istirahətdən sonra yenidən məşqlərə başlayacağıq”.
Martin Fuksun Azərbaycanla bağlı da xüsusi xatirələri var. O, 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında iki medal – 1000 metr məsafədə gümüş, 200 metr məsafədə isə bürünc medal qazanıb.
“Bu, möhtəşəm idi. Avropa Oyunlarında qazandığım ilk medal idi. Ümumiyyətlə, bunlar tarixdə ilk Avropa Oyunları idi. Ona görə də Azərbaycanla bağlı xüsusi xatirələrim qalıb. Bura möhtəşəm məkandır, yarışlar da çox yaxşı keçmişdi. İki dəfə podiuma qalxdım. Çox gözəl idi. Həmçinin podiumu azərbaycanlı idmançı Valentin Demyanenko ilə bölüşdüm. Yeri gəlmişkən, onun hazırda nə ilə məşğul olduğunu bilmirsiniz?”, – deyə kanoeçi maraqlanıb.
Olimpiya çempionu əlavə edib ki, 2015-ci ildə Bakıya səfəri onun Azərbaycana ilk və indiyədək yeganə səfəri olub. Bununla belə, Fuks gələcəkdə ölkəmizə yenidən səfər edə biləcəyini istisna etməyib.
