Azərbaycanın kanoeçisi Tatyana Smilovenko Polşanın Poznan şəhərində keçirilən akademik avarçəkmə və kanoe üzrə dünya çempionatında çıxışı ilə bağlı təəssüratlarını bölüşüb. O, yarışda ölkəmizi 200 və 500 metr məsafələrində təmsil edib.
22 yaşlı idmançı üçün bu turnir böyüklər kateqoriyasında ilk yarışlardan biri olub.
İdman.Biz-ə danışan kanoeçi çempionatın yekunlarından sonra qarışıq hisslər keçirdiyini bildirib.
“Təəssüratlarım qarışıqdır. Bir tərəfdən rəqiblərin güclənməsindən və Olimpiadaya yaxınlaşdıqca rəqabətin artmasından çox məmnunam. Amma 500 metr məsafəsində əsas finala bir addım qalmış dayandıq. B finalına vəsiqə qazandım və orada ikinci oldum. Ümumi sıralamada 11-ci yeri tutdum.
Düşünürəm ki, A finalına tam hazır idim, amma zədə özünü göstərdi. Bu il gümüş medal qazandığım Avropa çempionatında çiynimi zədələmişdim. Hazırda isə daha çox vəziyyəti pisləşdirməmək, bir ay əvvəl qazandığımız formanı qorumaq üçün çalışdıq”, – deyə idmançı bildirib.
200 metr məsafəsində isə Smilovenko yarımfinalda növbəti mərhələyə yüksəlmək üçün cəmi 0,02 saniyə çatışmadığını deyib. Onun sözlərinə görə, nəticəyə hava şəraiti də müəyyən qədər təsir edib.
“Hazırda hətta 500 metr məsafəsində start zamanı da havanın necə olduğu, qayığı idarə etməyin nə qədər çətin olduğu görünürdü. Xüsusilə bir tərəfdən avar çəkən kanoeçilər üçün bu daha çətindir. Finişə yaxın dalğalar daha da güclənirdi, ona görə də çətin idi. Bunun müəyyən rolu oldu”.
Bununla belə, idmançı əsas məsafəsinin 500 metr olduğunu vurğulayıb:
“500 metrdə avarçəkməm daha uzun olur və orta sürəti saxlamaq mənə partlayıcı sürət yığmaqdan daha asandır. Hazırda 200 metrdə qayığı sürətləndirmək mənim üçün daha çətindir”.
Tatyana Smilovenko dünya çempionatının onun üçün mövsümün son yarışı olduğunu da qeyd edib. Hazırda istirahət etməyi və çiynini bərpa etməyi planlaşdıran idmançı bundan sonra yeni mövsümə hazırlığa başlayacaq.
Azərbaycanlı kanoeçi bildirib ki, qarşıdakı mövsüm onun U23 kateqoriyasında son ili olacaq. Bundan sonra o, böyüklər arasında yarışacaq.
“Böyüklər arasında finallara düşmək, mübarizə aparmaq şansım var. Burada, əlbəttə, U23-dən daha çətindir, amma daha pis olacağını düşünürdüm. Hələlik öhdəsindən gəlirik, tədricən inkişaf edirik”, – deyə o bildirib.
Sonda Smilovenko Mingəçevirdə məşq etdiyini söyləyib və çıxışlarının digər azərbaycanlı qızları avarçəkmə ilə məşğul olmağa həvəsləndirməsindən məmnun qalacağını vurğulayıb.
“Azərbaycanda qadın idmanının inkişaf etməsinə yalnız sevinərəm”, – deyə o fikirlərini yekunlaşdırıb.
