Azərbaycan kubokunun qalibi Aidə Rzayeva pauerliftinq idman növündə qazandığı uğurlarla diqqət çəkir.
İTV 47 kq çəki dərəcəsində çıxış edən idmançı ilə bağlı süjet hazırlayıb.
O, məşq prosesi, nailiyyətləri və gələcək hədəfləri barədə danışıb.
Aidə Rzayeva bildirib ki, uşaqlıqdan boyu ilə bağlı kompleks yaşamadığı üçün ətrafdakı insanların ona maraqla yanaşması narahatlıq yaratmır. Onun sözlərinə görə, əvvəllər başqa idman növləri ilə də məşğul olub, lakin məşqçiləri pauerliftinqdəki potensialını üzə çıxarıblar. Bu səbəbdən o, məhz bu idman növünə üstünlük verib.
İdmançı yaxınlarının bəzilərinin pauerliftinqin ona uyğun olmadığını söylədiyini də qeyd edib. Bununla belə, Aidə başqalarının fikirlərindən çox öz istəyinə və məqsədlərinə önəm verdiyini vurğulayıb.
Rzayeva Azərbaycan kubokunda 47 kq çəki dərəcəsində qızıl medal qazandığını bildirib. Aidə gələcəkdə də qızıl medallar qazanmaq və Azərbaycan bayrağını beynəlxalq yarışlarda yüksəklərə qaldırmaq istədiyini deyib.
İdmançı pauerliftinqdə uğur qazanmaq üçün davamlı məşq, səbir və əzmkarlığın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, idmana ciddi yanaşmaq və çətinliklər qarşısında ruhdan düşməmək əsas şərtlərdəndir.
Aidə Rzayeva hazırda məşqlərini davam etdirir. Qarşıdakı yarışlarda yeni uğurlara imza atmağı hədəfləyən idmançı Azərbaycanı layiqincə təmsil etmək istəyir.
İTV-nin idmançı haqqında hazırladığı süjeti təqdim edirik.
