1996-cı ildə Atlanta Yay Paralimpiya Oyunlarında debüt edən Azərbaycan paralimpiyaçılarından beşi indiyədək ən çox Paralimpiadada iştirak edən idmançılar sırasına daxil olub.
İdman.Biz xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi (MPK) məlumat yayıb.
Bildirilib ki, paracüdo üzrə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev (2004, 2008, 2012, 2016, 2020, 2024) və paragüllə atıcısı Yelena Taranova (2000, 2004, 2008, 2012, 2016, 2020) altı dəfə dördilliyin ən mötəbər yarışında ölkəmizi təmsil ediblər.
Paraatlet Oloxan Musayev beş Paralimpiadada (2008, 2012, 2016, 2020, 2024) iştirak edib. Digər paraatlet Oleq Panyutin isə dörd dəfə (2004, 2008, 2012, 2016) yarış meydanına çıxıb. Parapauerliftinq üzrə idmançımız Elşən Hüseynov da dörd Paralimpiadada (2008, 2012, 2016, 2020) ölkəmizin şərəfini qoruyub.
Qeyd edək ki, Azərbaycanın paralimpiya tarixində ən çox iştirak edən idmançılar sırasında İlham Zəkiyev və Yelena Taranova lider mövqedədirlər.
