Paris-2024: Cəfərov bürünc medal uğrunda güləşəcək, Hüseynovdan vida - FOTO - VİDEO

Xəbərlər
7 Avqust 2024 21:13
1 945
Paris-2024: Cəfərov bürünc medal uğrunda güləşəcək, Hüseynovdan vida - FOTO - VİDEO

Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

İdman.biz xəbər verir ki, bu gün yunan-Roma güləşində son iki çəkidə mübarizə başlayıb.

Azərbaycan yığmasının iki “klassik”i xalçaya çıxıb. Onlardan Həsrət Cəfərov bürünc medal uğrunda mübarizə aparacaq, Rafiq Hüseynov isə Olimpiada ilə vidalaşıb.

Yunan-Roma güləşi
67 kq

Həsrət Cəfərov Olimpiadaya 1/8 finaldan başlayıb. Dünya çempionatlarının gümüş və bürünc mükafatçısı Mohamed Elsayedi (Misir) xalçaya çıxmağa peşman edib. Güləşçimiz tam üstünlüklə (9:0) qələbə qazanaraq 1/4 finala yüksəlib. O, ikinci qarşılaşmasında moldovalı Valentin Petiçlə münasibətinə aydınlıq gətirib. Cəfərov bu dueldən də qalib ayrılıb - 3:1. Pəhləvanımız finala gedən yolda Ukraynanı təmsil edən həmyerlimiz Pərviz Nəsibovla qüvvəsini sınayıb. Görüş 3:3 hesabı ilə yekunlaşsa da, sonuncu xal prinsipinə əsasən rəqib mərhələ adlayıb. Cəfərov mübarizəni bürünc medal uğrunda davam etdirəcək. Təmsilçimizin rəqibi sabah baş tutacaq təsəlliverici görüşdə bəlli olacaq.

87 kq
Rafiq Hüseynov da yarışa 1/8 finaldan start verib. Tokio-2020-nin bürünc mükafatçısı David Loşontsi (Macarıstan) ilə qarşılaşıb. Görüş rəqibin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Macarıstanlı güləşçi yarımfinalda məğlub olduğundan Hüseynov Olimpiadanı başa vurub.

Qeyd edək ki, yunan-Roma güləşi millimiz Parisə 5 idmançı ilə yollanıb. Murad Məmmədovla (60 kq) Sabah Şəriəti (130 kq) yarışı medalsız başa vurub, Sənan Süleymanov (77 kq) isə bürünc uğrunda qarşılaşmaya çıxacaq.

İdman.biz