Azərbaycan idmançıları Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyalar uğrunda mübarizəni başa vurur.
İdman.biz xəbər verir ki, məhz buna görə də Olimpiya təqviminə nəzər salmağın vaxtıdır.
Proqrama 19 gün ərzində 32 idman növü üzrə yarışlar daxildir. Fransa paytaxtındakı yarışlar iyulun 24-dən avqustun 11-dək keçiriləcək.
Oyunlar iyulun 24-də, açılış mərasiminə iki gün qalmış başlayır. Həmin gün üç komanda idman növünün nümayəndələri üçün olimpiya yarışları start götürəcək. Lilldə Pyer Mauroy stadionunda həndbol oyunları, Sen-Deni, Paris, Lion, Bordo, Marsel, Nantda və “Stad de Frans”da reqbi matçları keçiriləcək. Nitsa və Sent-Etyen isə futbola qucaq açacaq.
Əgər Azərbaycan millisi üçün əsas, medal gözlənilən idman növlərindən danışsaq, o zaman Olimpiadanın başlanğıcında azarkeşlərimizin əsas diqqəti cüdoya yönələcək. Tatamidə ilk medallar iyulun 27-də - Oyunların açılışından bir gün sonra veriləcək. Cüdoçuların mübarizəsi avqustun 3-dək davam edəcək.
İyulun 27-də qılıncoynatma, atıcılıq və badminton üzrə yarışlar da başlayır. Həmin gün boksçular rinqdə ilk seansına çıxacaqlar. Ənənəyə görə, Olimpiadada boks turniri kifayət qədər uzundur və ilk mükafatlar yalnız avqustun 6-da öz sahiblərini tapacaq. Rinqdə mübarizə avqustun 10-da - Oyunların bağlanış mərasimindən bir gün əvvəl başa çatacaq.
Avarçəkmə yarışları iyulun 28-də başlayacaq, iki gün sonra isə 3x3 basketbol komandaları ilk görüşlərini keçirəcəklər. Həmin gün – iyulun 30-da triatlonçular, avqustun 1-də isə atletlər Olimpiadaya başlayacaqlar. Avqustun 2-də isə batut gimnastikası üzrə turnir keçiriləcək.
Olimpiadanın sonluğu xüsusilə gərgin və hadisələrlə zəngin olacağını vəd edir. Avqustun 6-da güləş üzrə ilk medalçılar müəyyənləşəcək, ertəsi gün taekvondoçular və ağırlıqqaldıranlar mübarizəyə başlayacaqlar. Avqustun 8-də isə bədii gimnastika üzrə turnir start götürəcək.
Olimpiadanın axırıncı medalları son gündə veriləcək. Bu mənada avqustun 11-də güləşçilər və ağır atletlər üçün mükafat kolleksiyasını doldurmaq üçün son şans olacaq.
Hazırda Azərbaycan millisinin 36 idmançısı Parisə lisenziya qazanıb.
Badmintonda Edi Reski Dviçayo, Keişa Fatimə Zəhra, bədii gimnastikada Zöhrə Ağamirova, Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Darya Sorokina, batut gimnastikasında Selcan Maqsudova, sərbəst güəşdə Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq), Maqomedxan Maqomedov (97 kq), Giorgi Meşvildişvili (125 kq), yunan-Roma güləşində Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq), Sabah Şəriəti (130 kq), qadın güləşində Mariya Stadnik (50 kq), atletikada Anna Skidan (çəkicatma), boksda Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq), Məhəmməd Abdullayev (+92 kq), taekvondoda Qaşım Maqomedov (58 kq), atıcılıqda Ruslan Lunyov (10 m, pnevmatik tapança), basketbolun 3x3 növü üzrə qadın yığması, avarçəkmədə Diana Dımçenko, (2000 m, akademik avarçəkmə), triatlonda Rostislav Pevtsov, qılıncoynatmada Anna Başta, (sablya) Olimpiadada iştirak edəcəklər. Daha 9 vəsiqə cüdoda qazanılsa da, məşqçilər korpusu hələlik Parisə yollanacaq idmançıları müəyyənləşdirməyiblər.
Paris tarixdə üçüncü dəfə Olimpiadaya ev sahibliyi edəcək. 1900-cü (14 may - 28 oktyabr) və 1924-cü ildə (4 may - 27 iyul) - indiki Oyunlardan düz yüz il əvvəl Yay Oyunlarına Fransanın paytaxtı ev sahibliyi edib.
Zəki Feyzullayev
İdman.biz