Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya sayı ilə ehtimallar cədvəli açıqlanıb.
İdman.biz xəbər verir ki, beynəlxalq ekspertlər Azərbaycanın Fransa paytaxtına 42 vəsiqə qazanacağını proqnozlaşdırır.
Ölkəmizin dördilliyin ən mötəbər multiidman yarışında 12 növdə təmsil olunacağı gözlənilir.
Proqnozlara əsasən, ənənəvi olaraq yenə yığmada güləşçilər çoxluq təşkil etməlidir – 11. Cüdo millimizin 10 lisenziyası real hesab edilir.
Bədii gimnastikada 6, boksda 3 biletin əldə olunacağı proqnozlaşdırılır. Atletika, badminton, idman gimnastikası, üzgüçülükdə bu rəqəm 2-yə bərabərdir. Ekspertlər batut gimnastikası, atıcılıq, taekvondo və triatlonda isə Olimpiadadakı təmsilçimizin bir nəfərdən ibarət olacağını düşünürlər.
Qeyd edək ki, hazırda idmançılarımız 6 növdə 9 lisenziya qazanıb. Bunlar Ruslan Lunyov (güllə atıcılığı, 10 m), Murad Allahverdiyev (boks, 80 kq), Məhəmməd Abdullayev (boks, +92 kq), Anna Skidan (atletika, çəkicatma), Zöhrə Ağamirova (bədii gimnastika), Maqomedxan Maqomedov (sərbəst güləş, 97 kq), Sənan Süleymanov (yunan-Roma güləşi, 77 kq), Həsrət Cəfərov (yunan-Roma güləşi, 67 kq) və Qaşım Maqomedovdur (taekvondo, 58 kq).
İdman.biz