İmaməddin Xəlilov: “Finalda meksikalını məğlub edib, Paralimpiya çempionu olacam”

Müsahibə
12 Yanvar 2024 11:03
560
İmaməddin Xəlilov: “Finalda meksikalını məğlub edib, Paralimpiya çempionu olacam”

“Lisenziya qazanacağıma inanırdım. Reytinqdəki yerim əminlik yaratmışdı. Amma vəsiqə rəsmiləşdikdən sonra bir qədər həyəcanlandım”.

Bunu İdman.bizə Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanan Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) deyib.

Dünya çempionu 4 illiyin zirvə yarışında özünü yaxşı tərəfdən göstərməyə çalışacağını bildirib. Onun sözlərinə görə, artıq məsuliyyəti bir qədər də artırıb: “Qarşıda bizi bir neçə yarış gözləyir. Lisenziya qazanmağım məni arxayınlaşdırmamalıdır. Əksinə, motivasiyam və məsuliyyətim bir qədər də artdı. Hədəfim Paralimpiadada uğurlu çıxışdır. İnanıram ki, baş məşqçimiz Fərid Tağızadənin rəhbərliyi ilə yaxşı hazırlıqlar keçəcəyik. Bu məşqlər sayəsində həm tonusda qalacağam, həm də Parisdə pik səviyyəmdə olacağam”.

Xəlilov, həmçinin Parisdə əsas rəqibinin də kim olacağını müəyyənləşdirib: “Bu, meksikalı Dieqo Qarsiyadır. Son Paralimpiya çempionuna məğlub olmuşam. Bu dəfə isə hədəfim qızıl medaldır. Dayanqda özümə güvənirəm. Finalda meksikalını məğlub edib, Paralimpiya Oyunlarında çempion olacağıma inanıram”.

Qeyd edək ki, Xəlilovla yanaşı, daha 2 parataekvondoçumuz Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib. Sabir Zeynalov (58 kq) və Əbülfəz Abuzərli (80 kq) medallar uğrunda mübarizə aparacaq.

Emin Ağa
İdman.biz