Universiadada qidalanma: “Turnir boyunca təxminən 200 min porsiya yemək təqdim etməyə hazır idik”

Xəbərlər
25 İyul 2025 13:03
47
Universiadada qidalanma: “Turnir boyunca təxminən 200 min porsiya yemək təqdim etməyə hazır idik”

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadanın təşkilatçıları 9200-dən çox iştirakçı və nümayəndə heyətini, həmçinin 10 mindən çox könüllünü yeməklə təmin edir.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, qidalanma və içkilər üzrə baş menecer Marina Batış-Vinterin rəhbərliyi altında 15 mütəxəssisdən ibarət komanda katerinqin bütün mərhələlərinə cavabdehlik daşıyır.

O, turnir boyunca təxminən 200 min porsiya yemək təqdim etməyə hazır olduqlarını deyib: "Bunu mümkün etmək üçün təşkilat komitəsi bölgənin müxtəlif yerlərindən təxminən 12 katerinq şirkətini cəlb edib. Hər biri öz imkan və coğrafi mövqeyinə uyğun olaraq ümumi həcmə görə payına düşən hissəyə cavabdehdir. Qidalanma prosesini bir piroq kimi təsəvvür edə bilərik – hər katerinq mərkəzi öz hissəsinə cavabdehdir".

Menyular Beynəlxalq Universitet İdmanı Federasiyasının (FISU) əsas qidalanma tövsiyələrinə uyğun şəkildə hazırlanır. Hər nahar menyusunda – o cümlədən Azərbaycan nümayəndə heyəti üçün – ən azı bir zülal mənbəyi (adətən toyuq və ya balıq) və vegetarian seçimləri təqdim olunur.

Standartlaşdırılmış menyu planı bütün obyektlərdə – mərkəzi mətbəxlərdə və ya ərazidə yerləşən restoranlarda – yeməklərin keyfiyyətini və vahidliyini təmin edir. Həmişə qlütensiz makaron mövcuddur və beynəlxalq səviyyədə tanınmış 14 allergen aydın şəkildə işarələnir.

Batış-Vinter bununla bağlı deyir: "Hər bir yemək tədarükçüsü eyni tələbləri alır və istifadə etdiyi bütün inqrediyentləri sadalayan allergen bəyannaməsini gündəlik təqdim edir".

Bu miqyasda qidalanma zamanı israfı minimuma endirmək olduqca vacibdir. Planlaşdırma qrupu artıq istehsalın qarşısını almaq üçün ətraflı proqnozlardan istifadə edir: "Biz Almaniyada özünü yaxşı tərəfdən göstərmiş qida paylaşımı şirkətləri ilə əməkdaşlıq etdik. Bəziləri hər gün artıq yeməyi almaq üçün gəlir. Bəziləri isə, sanki təcili yardım kimi, çox qısa müddətdə mövcud olur".

İnqrediyentlərin istifadəsində də yaradıcı yanaşma tətbiq olunur. Məsələn, həddindən artıq yetişmiş bananlar smuzi və ya banan çörəyinə çevrilir: "Bəzən elə anlar olur ki, sən ya həqiqətən mütəxəssis olduğunu sübut edirsən, ya da sadəcə danışmaqla kifayətlənirsən. Biz qarşımıza məqsəd qoymuşuq – hamını doyuzdurmaq. Və buna nail oluruq".

Zəki Feyzullayev, Essen (Almaniya)
İdman.biz

Məqalədə: