Azərbaycanın II Futbol Liqasının 12-ci turunda keçirilən “Quba” - “Xankəndi” matçında cərimə zərbəsindən vurulan gözəl qol sosial şəbəkələrdə gündəm olub.
İdman.Biz-in məlumatına görə, həmin qola imza atan Ramin Məhərrəmov hesabı bərabərləşdirsə də, oyun “Quba”nın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Müdafiəçi ilə əlaqə saxlayaraq, vurulan zərbənin təsadüfən, yoxsa məqsədyönlü icra edildiyini dəqiqləşdirdik.
“Qapıya hazırlıqlı zərbə vurdum. Rəqib komandanın qapıçısını yaxşı tanıyıram, zədədən sonra belə toplardan çəkinir. Açığını deyim, gözləyirdim ki, topu qarşısına qaytaracaq və zərbəni kimsə tamamlayacaq. Yəni qol olacağını gözləyirdim, amma bu qədər gözəl alınacağını heç gözləmirdim”, - deyə Ramin Məhərrəmov bildirib.
O, nəticənin ədalətli olmadığını da vurğulayıb:
“Təkcə heyf ki, uduzduq. Hesab oyuna görə deyildi. Bu matçı izləyən hər kəs təsdiq edər ki, “Xankəndi”nin qolu ofsayd vəziyyətindən vuruldu. II Liqada da VAR olsaydı, oyun minimum heç-heçə bitərdi”.
Vüqar Vüqarlı
