Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) yeni tərkibdə növbəti iclası keçirilib.
İdman.biz xəbər verir ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin sədrliyi ilə keçirilən İcraiyyə Komitəsinin iclasında cari məsələlərin müzakirəsindən sonra Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Ağacan Abiyevə verilmiş mükafatın təltifetmə mərasimi keçirilib.
Azərbaycanın ictimai-siyasi və idman xadimi, professor, Əməkdar elm xadimi, Azərbaycan Milli Olimpiya Akademiyasının prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin fəxri baş katibi Abiyevə AOK-un “Olimpiya çələngi” mükafatını MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə təqdim edib.
Abiyev AOK-un mükafatına görə minnətdarlığını bildirərək deyib ki, Azərbaycanda idman və Olimpiya Hərəkatı yüksək səviyyədə inkişaf edib. O, əmin olduğunu bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində idman sahəsində qazanılan qələbələr bundan sonra da uğurla davam edəcək.
İclasda idmançılardan Rövşən Hüseynov, Namiq Abdullayev, Zemfira Meftaxetdinova, Nazim Hüseynov, Fərid Mansurov, Faiq Qarayev, Alla Həsənova çıxış edərək, Abiyevin Azərbaycan idmanındakı xidmətlərindən danışmış və mükafat alması münasibətilə onun təbrik ediblər.
Qeyd edək ki, “Şöhrət" və "Şərəf" ordenli mütəxəssis bu mükafata Almaniyanın Frankfurt şəhərində keçirilən AOK-un 54-cü Baş Assambleyasında layiq görülüb. Baş Assambleyada mükafat Azərbaycan MOK-un baş katibi Azər Əliyevə təqdim edilmişdi.
İdman.biz
