Avropa Olimpiya Komitələrinin 52-ci Baş Assambleyası keçirilib

Xəbərlər
7 Oktyabr 2023 21:42
117
Avropa Olimpiya Komitələrinin 52-ci Baş Assambleyası keçirilib

Türkiyənin İstanbul şəhərində keçirilən Avropa Olimpiya Komitələrinin (AOK) 52-ci Baş Assambleyasına oktyabrın 7-də yekun vurulub.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən İdman.biz saytına bildirilib ki, BOK-un prezidenti Tomas Baxın, AOK-un prezidenti Spiros Kapralosun, Türkiyə MOK-nun prezidenti Uğur Erdenerin də iştirak etdiyi iclasın ilk günündə “Paris–2024” Yay Olimpiya Oyunları, “Milano Kortina-2026” Qış Olimpiya Oyunları müzakirə olunub.

Əlavə olaraq AOK-un Strategiya Gündəliyi-2030 iştirakçılara təqdim edilib. Həmçinin AOK Təşkilat Komitəsinin və BOK Təşkilat Komitəsinin hesabatları dinlənilib. Daha sonra seçilmiş atletlər “12-ci Pyotr Nurovski Ən yaxşı Avropalı Gənc Atlet” mükafatı ilə mükafatlandırılıb və Avropa Olimpiya Komitələrinin Olimpiya Çələngi sahibinə təqdim olunub.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın açılış nitqi ilə başlayan Assambleyanın ikinci günündə 3-cü Avropa Oyunları Krakov & Malopolska 2023, məlumat və media, Avropa federasiyalarının və MOK-ların təcrübələri və gələcək tövsiyələri, qarşıdan gələn Paris-2024 Yay Olimpiya Oyunları, Olimpiya Qaçqınlar Fondu, Olimpiya və Paralimpiya sponsorları, tibb və antidopinq kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Sonda iştirakçıların sualları cavablandırılıb. Bununla da Avropa Olimpiya Komitələrinin 52-ci Baş Assambleyasına yekun vurulub.

Avropa Olimpiya Komitələrinin 52-ci Baş Assambleyasının iclasında gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK -un Baş katibi Azər Əliyev, Xarici Əlaqələr İdarəsinin müdiri Anar Bağırov iştirak ediblər.

İdman.biz