Elnur Məmmədov: “Bakının dünyanın idman paytaxtı olması ilə bağlı namizədliyi irəli sürülüb” - FOTO

21 Aprel 2024 17:18
783
Elnur Məmmədov: “Bakının dünyanın idman paytaxtı olması ilə bağlı namizədliyi irəli sürülüb” - FOTO

Bakının 2026-ci ildə dünyanın idman paytaxtı olması ilə bağlı namizədliyi irəli sürülüb.

İdman.biz xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Milli Gimnastika Arenasında “Bakının 2026-cı ildə dünyanın idman paytaxtına namizədliyi” mövzusunda təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, sevindirici haldır ki, bu namizədlik müsbət qarşılanıb və bununla bağlı kitab dərc olunub: “Ölkəmizə gələn Avropanın İdman Paytaxtları Federasiyasının üzvləri paytaxtımızı geniş şəkildə gəzib və adət-ənənələrimizlə tanış olublar. Səfər zamanı Milli Gimnastika Arenasının, Su İdmanı Sarayının, Avropa Oyunları Parkının, Dənizkənarı Milli Parkın, cüdo üzrə yığma komandaların Təlim-Məşq Mərkəzinin, Bakı Kristal Zalının, Respublika Olimpiya Mərkəzinin fəaliyyəti barədə məlumatlandırılıblar”.

Məmmədovun sözlərinə görə, Bakı bir çox beynəlxalq yarışlara uğurla ev sahibliyi edib: “Ən önəmli olan idmanda kütləviliyin təmin edilməsidir. Əgər Bakı şəhəri 2026-ci ildə dünyanın idman paytaxtı elan edilsə, bir çox işlər görüləcək və idmanın inkişafına xüsusi töhfə veriləcək. Bu, ölkəmizdə idman dəyərlərinin formalaşmasına təsir göstərir. Bizim əsas amalımız və strategiyamız 2033-cü ildə hər bir azərbaycanlının bədən tərbiyəsi və idmanla məşğul olmasıdır”.

Banuçiçək Hüseynli
İdman.biz