Dopinq qorxusu idmançıların intim həyatını məhv edib

29 Yanvar 2026 12:37
107
Dopinq qorxusu idmançıların intim həyatını məhv edib

Norveç idmançıları dopinqə görə cəzalandırılmaq qorxusu səbəbindən qarşı cinslə yaxın münasibətlərdən belə qaçırlar.

İdman.Biz xəbər verir ki, skandinaviya ölkələrində aparılan araşdırmanın nəticələrinə əsasən, norveçli atletlərin 22 faizi təsadüfən qadağan olunmuş maddə qəbul etmək riskini azaltmaq üçün intim münasibətlərdən uzaq durduğunu bildirib.

Sorğuda iştirak edən norveçli idmançıların hər beşindən biri bəzən cinsi əlaqələrdən imtina etdiyini, 11 faizi isə daimi şəkildə imtina etdiyini söyləyib. Digər Skandinaviya ölkələrində - Finlandiya, Danimarka və İsveçdə bu göstəricilər daha aşağıdır. Həmin ölkələrdə idmançıların 14,3 faizi intim yaxınlıqdan bəzən, 10,4 faizi isə həmişə qaçdıqlarını deyib.

Araşdırmada diqqət çəkən başqa bir məqam isə idmançıların gündəlik istifadə etdikləri məhsullarla bağlıdır. Belə ki, sorğuda iştirak edənlərin 60 faizdən çoxu dopinq riskini minimuma endirmək üçün bioloji aktiv əlavələrdən, bəzi tibbi preparatlardan, eləcə də kosmetik kremlər və mazlardan istifadə etmədiklərini açıqlayıb.

Mütəxəssislər bildirir ki, dopinqlə bağlı sərt nəzarət və cəza mexanizmləri idmançıların təkcə idman karyerasına deyil, şəxsi həyatına da birbaşa təsir göstərir.

İdman.Biz
Məqalədə: