Rusiyanın uzunluğa tullanma üzrə tanınmış atletlərindən Dariya Klişina hakimiyyət orqanları tərəfindən vaxtilə Tver şəhərində ona hədiyyə edilən mənzilin geri alındığını və hazırda qeydiyyatsız qaldığını bildirib.
İdman.Biz xəbər verir ki, idmançı bu barədə idman jurnalisti Viktor Kravçenkoya müsahibəsində danışıb.
Onun sözlərinə görə, mənzil 2011-ci ildə yerli hakimiyyət orqanları tərəfindən ona təqdim olunub və müəyyən şərtlər daxilində şəxsi mülkiyyətə keçirilə bilərdi.
Klişina bildirib ki, şərtlərə əsasən, Olimpiya Oyunlarında iştirak, dünya çempionatında medal qazanmaq və ya müəyyən xidmət müddətini tamamlamaq halında mənzil onun adına rəsmiləşdirilməli idi. Atletin sözlərinə görə, ona həmin vaxt bu prosesin problemsiz həll olunacağı deyilib.
Lakin vəziyyət fərqli cərəyan edib. Klişina açıqlamasında qeyd edib ki, mənzil ondan geri alınıb və qeydiyyatdan çıxarılıb:
“Hazırda özümü evsiz adlandıra bilərəm, çünki qeydiyyatım yoxdur. Dedilər ki, mənzili özəlləşdirmək üçün mütləq aktiv idmançı olmalıyam. Nəticədə açarları təhvil verməli oldum. Mənzil hərbiçiyə verildi”.
