Azərbaycanın idman paytaxtı Qubada 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə keçirilən paraddan sonra “İdman səfirləri” bu ada görülmələrinə münasibət bildirib.
İdman.biz xəbər verir ki, onlar işlərinə məsuliyyətlə yanaşacaqlarını, ölkə idmanının təbliğinə töhfələrini verəcəklərini deyiblər.
Aliyə Paşayeva “İdman səfiri” olduğu üçün çox şad olduğunu vurğulayıb. O, gənclərə, xüsusilə də idmanımıza töhfə verəcəyinə əminlik ifadə edib.
Fəridə Əzizova da üzərinə düşəcək öhdəliyi yerinə yetirməyə çalışacağını bildirib. Onun sözlərinə görə, əsas məqsəd gənclərin sağlam həyat tərzi keçirməsinə hesablanacaq.
Xəyyam Orucov, Orxan Səfərov və İlqar Qurbanov da etimadı doğrultmaq üçün əllərindən gələni edəcəklərini deyiblər.
Qeyd edək ki, bu idmançılar bir gün öncə gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə keçən növbədənkənar Kollegiya iclasında 2024-cü il üçün "İdman səfirləri” seçilib.
Banuçiçək Hüseynli
İdman.biz
