Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyərək yeddinci yerə yüksəlib

8 Noyabr 2026 23:41
68
Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyərək yeddinci yerə yüksəlib

Azərbaycan komandası Seneqalın paytaxtında keçirilən Dakar-2026 Yeniyetmələrin Dördüncü Yay Olimpiya Oyunlarının medal sıralamasında yeddinci pilləyə yüksəlib.

İdman.Biz xəbər verir ki, yarışların doqquzuncu gününü iki qızıl medalla başa vuran millimiz ötən günlə müqayisədə 15 pillə irəliləyib.

Hazırda Azərbaycanın aktivində üç qızıl və bir gümüş medal var. Bu nəticə ilə komandamız medal sıralamasında yeddinci yerdə qərarlaşıb.

Siyahının ilk üç pilləsində dəyişiklik olmayıb. Çin Xalq Respublikası 11 qızıl, dörd gümüş və iki bürünc medalla liderliyini qoruyur. Yaponiya doqquz qızıl, üç gümüş və dörd bürünc medalla ikinci, Rusiya isə altı qızıl və dörd gümüş medalla üçüncü pillədədir.

Misir beş qızıl, bir gümüş və iki bürünc medalla dördüncü, Fransa isə üç qızıl, üç gümüş və iki bürünc medalla beşinci yerdə qərarlaşıb.

Ümumilikdə Dakar-2026-da 75 ölkənin idmançıları medal qazanıblar. Onlardan 39-u ən azı bir qızıl medala sahib çıxıb.

Azərbaycan komandasına qızıl medalları cüdoçu İbrahim Talıbov (55 kq), çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazandırıblar.

Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq) isə gümüş medalın sahibi olub.

Qeyd edək ki, Dakar-2026 Yeniyetmələrin Dördüncü Yay Olimpiya Oyunlarına noyabrın 13-də yekun vurulacaq.

İdman.Biz