“Ayova dalğası” belə yarandı - azarkeşin ideyası böyük ənənəyə çevrildi - VİDEO

6 Oktyabr 2026 17:53
84
“Ayova dalğası” belə yarandı - azarkeşin ideyası böyük ənənəyə çevrildi - VİDEO

ABŞ-də tələbə idmanının ən təsirli ənənələrindən biri olan “Ayova dalğası” (The Iowa Wave) maraqlı tarixçəyə malikdir.

İdman.Biz xəbər verir ki, ideyanın müəllifi “Ayova Hokays” (Iowa Hawkeyes) Amerika futbolu komandasının azarkeşi Krista Yanq olub. O, sosial şəbəkədə ağır xəstə uşağın uşaq xəstəxanasının yuxarı mərtəbəsindəki pəncərədən komandanın oyununu izlədiyini əks etdirən foto görüb.

Söhbət “Ayova Hokays”ın ev oyunlarını keçirdiyi stadionun düz yanında yerləşən UI Stead Family Children’s Hospital xəstəxanasından gedir. Xəstəxananın pəncərələrindən stadion və tribunalar aydın görünür.

2017-ci il mövsümü ərəfəsində Krista Yanq “Facebook”dakı azarkeş qrupunda belə bir təklif irəli sürüb: stadiondakı bütün azarkeşlər eyni anda xəstəxanaya tərəf dönərək həyatları uğrunda mübarizə aparan və oyunları pəncərələrdən izləyən uşaqlara əl edə bilərlər.

Bu sadə fikir qısa müddətdə böyük bir ənənəyə çevrilib. Artıq “Ayova Hokays”ın ev oyunlarında azarkeşlər ilk hissənin sonunda xəstəxanaya tərəf dönərək oradakı uşaqlara əl edir və onları salamlayırlar.

Beləliklə, stadiondakı minlərlə insanla xəstəxanada müalicə alan uşaqlar arasında xüsusi bir bağ yaranıb. Bu jest isə ABŞ tələbə idmanının ən duyğusal ənənələrindən biri kimi tanınmağa başlayıb.

İdman.Biz