Argentina futbolunun əfsanəsi Lionel Messi bu dəfə animasiya dünyasında azarkeşlərin qarşısına çıxacaq. Futbolçunun baş prodüserliyi ilə hazırlanan “Messi and the Giants” serialının yayım hüquqlarını “Disney+” əldə edib.
İdman.Biz xəbər verir ki, idman-fentezi janrında hazırlanan animasiya serialının ilk rəsmi tizer-treyleri də təqdim olunub.
“Messi and the Giants” (“Messi və Nəhənglər”) real həyatda Lionel Messinin hekayəsini əks etdirməyəcək. Serial onun uşaqlıq obrazından ilhamlanan tamamilə yeni fentezi süjet üzərində qurulub.
Ekran işi 12 yaşlı Leo adlı oğlanın macəralarından bəhs edir. O, nəhənglərin hökmranlıq etdiyi “İko” adlı paralel fantaziya dünyasına düşür. Leo heç bir sehrli gücə malik olmasa da, özünəməxsus futbol bacarığı, komanda ruhu və möhkəm iradəsi sayəsində nəhənglərə qarşı mübarizə apararaq evinə qayıtmağa çalışır.
Serialın premyerası 2027-ci ilin yayında baş tutacaq. Layihə qlobal miqyasda “Disney+” platformasında, ABŞ-da isə “Disney Channel”da yayımlanacaq.
“Messi and the Giants” layihəsi “Sony Pictures Television”, “Sony Music Vision” və “Leo Messi Management” şirkətlərinin əməkdaşlığı ilə hazırlanır.
Qeyd edək ki, Lionel Messi layihə vasitəsilə gənc nəslə komanda oyununun, əzmkarlığın və qarşıya çıxan maneələri dəf etməyin əhəmiyyətini çatdırmağı hədəfləyir.
