İdman zalı depressiyaya meydan oxuyur: Alimlərin araşdırma NƏTİCƏLƏRİ

19 May 2026 16:59
103
İdman zalı depressiyaya meydan oxuyur: Alimlərin araşdırma NƏTİCƏLƏRİ

Yeni elmi araşdırma idman məşqləri və əzələ gücünün insanın psixoloji sağlamlığı ilə bağlı mühüm göstəricilərdən biri ola biləcəyini göstərib.

İdman.Biz xəbər verir ki, tədqiqatçılar əl sıxma gücü aşağı olan insanların gələcəkdə depressiv əlamətlərlə üzləşmə ehtimalının daha yüksək olduğunu müəyyənləşdiriblər. Meta-analizdə 497 mindən çox iştirakçının uzunmüddətli sağlamlıq göstəriciləri araşdırılıb.

Məlumata görə, ən zəif fiziki göstəricilərə sahib şəxslərdə depressiya riskinin ən güclü iştirakçılarla müqayisədə 26-42 faiz aralığında yüksək olduğu qeydə alınıb. Alimlər bunun birbaşa səbəb-nəticə kimi yox, ümumi fiziki dayanıqlıq və sağlam həyat tərzi ilə bağlı göstərici kimi qiymətləndirilməli olduğunu bildirirlər.

Araşdırmada əzələ gücünün beyin sağlamlığı ilə də əlaqəli ola biləcəyi vurğulanır. Bəzi tədqiqatlara görə, fiziki gücü yüksək olan insanlarda yaddaş və emosiyalara cavabdeh olan hippokamp bölgəsinin həcmi daha yaxşı göstəricilərlə əlaqələndirilir.

Mütəxəssislər qeyd edirlər ki, müntəzəm fiziki aktivlik sinir sistemini qorumağa, emosional dayanıqlığı artırmağa və yaş artdıqca psixoloji sağlamlığı dəstəkləməyə kömək edə bilər. Bununla belə, araşdırma idmanı depressiyanın təkbaşına müalicəsi kimi təqdim etmir.

İdman.Biz