Azərbaycanın 2026-cı il üçün idman səfirləri seçilib

17 Mart 2026 16:14
56
Azərbaycanın 2026-cı il üçün idman səfirləri seçilib

Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Fərid Qayıbovun sədrliyi ilə keçirilən iclasda gündəliyə əsasən bir sıra məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

İclasda Uşaq-Gənclər İdman Məktəbləri və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəblərində cüdo idman növü üzrə təlim-məşq prosesini tənzimləyən normativlərin təsdiqi ilə bağlı qərar qəbul edilib. Bundan əlavə, idman mütəxəssislərinə fəxri adların verilməsi məsələsinə baxılıb. Nazirliyin Kollegiya qərarı ilə Asxab Kalayevə və Rauf Nəbiyevə (hər ikisi ağırlıqqaldırma), İslam Nəcəfquliyevə (cüdo) “Ölkə dərəcəli hakim” dərəcəsi verilib. Qaşim Maqomedov (taekvondo), İmaməddin Xəlilov və Sabir Zeynalova (hər ikisi parataekvondo) “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı verilib.

Respublika federasiyaları tərəfindən Təhlükəsiz Mühitin Təminatı və Şəxsiyyətin Qorunması üzrə Qaydaların hazırlanmasına dair Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən irəli sürülən tələblər müzakirə edilib. Eyni zamanda, ölkə yarışlarının keçirilmə qaydaları ilə bağlı Texniki Reqlament yeni redaktədə təsdiq edilib.

Tədbirdə 2026-cı il üçün “İdman səfirləri” və 2027-ci il üçün “İdman Paytaxtı” seçimi ilə əlaqədar namizədlərin təqdimatları dinlənilib, səsvermə keçirilib. Gənclər və İdman Nazirliyinin Kollegiya qərarı ilə Ülviyyə Fətəliyeva (şahmat), Vəfa Musayeva (alpinizm), Aynur Yusifova (gimnastika), Dadaş Dadaşbəyli (ağırlıqqaldırma) və Elçin Əsədov (velosiped idmanı) 2026-cı il üçün “İdman səfiri” seçiliblər. Yevlax şəhəri isə 2027-ci il üçün Azərbaycanın “İdman Paytaxtı” seçilib.

İdman.Biz
Məqalədə: