Fərid Qayıbov 2025-ci ili dəyərləndirdi: 2113 medal, yeni statuslar, böyük hədəflər

Xəbərlər
30 Dekabr 2025 12:45
81
Fərid Qayıbov 2025-ci ili dəyərləndirdi: 2113 medal, yeni statuslar, böyük hədəflər

“Ənənəvi olaraq, bu il də dövlətimizin başçısı cənab İlham Əliyev idman yekunlarına həsr edilmiş görüşdə il ərzində fərqlənən bir qrup idmançı və mütəxəssislərə dövlət mükafatları və mənzillər təqdim etdi. Bu görüşlər idmançılarımız üçün təkcə mükafatlandırma deyil, həm də mənəvi dəstək və yeni hədəflər üçün güclü motivasiyadır. Ölkə başçısının səsləndirdiyi fikirlər gələcək fəaliyyətimiz üçün mühüm istiqamətləri müəyyənləşdirdi. “Buta Palace”da baş tutan digər tədbirimizdə isə müxtəlif nominasiyalar üzrə ilin qaliblərini mükafatlandırdıq”.

İdman.Biz xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov dekabr ayını dəyərləndirərkən deyib.

O, sayca 52-ci “Nazirin Nöqteyi-Nəzəri”ndə bildirib ki, 2025-ci il Azərbaycan idmanı üçün yeni rekordlar, uğurlar və əlamətdar hadisələrlə yadda qalıb: “İl ərzində idmançılarımız dünya və qitə çempionatlarında, dünya kubokları, qran-prilər və digər beynəlxalq yarışlarda uğurla çıxış edərək 613 qızıl, 616 gümüş və 884 bürünc, ümumilikdə 2113 medal qazandılar. Bu nəticələr böyük zəhmətin, planlı işin və ardıcıl inkişafın göstəricisidir”.

Nazir vurğulayıb ki, Bakı şəhəri 2026-cı il üçün “Dünyanın İdman Paytaxtı” elan olunub: “Bu münasibətlə Bakı Şəhər İcra Hakimiyyətində “Dünya İdman Paytaxtları” xatirə lövhəsinin rəsmi təqdimetmə mərasimi keçirildi və Bakı bu statusu Monako şəhərindən təhvil aldı. İnanıram ki, federasiyalar və aidiyyəti qurumlarla birgə paytaxtımız bu məsuliyyətli missiyanı uğurla həyata keçirəcək”.

Qayıbov qeyd edib ki, Beynəlxalq fəaliyyətlərimiz də il ərzində davam edib: “Koreyanın Busan şəhərində keçirilən Dünya Antidopinq Konfransında ölkəmizin ev sahibliyi etdiyi kütləvi idman tədbirləri, sağlam həyat tərzinin təşviqi və həyata keçirilən layihələr haqqında danışdıq. Səfər çərçivəsində Koreyanın mədəniyyət, idman və turizm naziri Ce Hvi-Yanq, Dünya Antidopinq Agentliyinin prezidenti Vitold Banka və Busan şəhərinin meri Park Heonq-cun ilə görüşlər keçirildi”.

Qayıbovun sözlərinə görə, Somalinin gənclər və idman naziri Mohamed Abdulkadir Bakıya səfər etdi və ölkəmizdə gənclər və idmançılar üçün yaradılan şəraitlə tanış olub: “Qonaqla görüşdə ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə etdik. BMT-nin Azərbaycandakı missiyasını başa vuran rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə də görüşdük və gələcək fəaliyyətində uğurlar arzuladıq”.

O, ənənəyə uyğun olaraq beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb, onların fikir və təkliflərini dinləyib: “Növbəti vətəndaş qəbulumuz isə Cəlilabad şəhərində Biləsuvar, Cəbrayıl və Cəlilabad rayon sakinləri ilə baş tutdu”.

“Böyük qayıdış” proqramına dəstək məqsədilə işğaldan azad edilmiş ərazilərə idmançılarımızın səfərləri il ərzində davam etdiyini söyləyən nazir, futbolçuların, cüdoçuların və idman veteranlarının ardınca bu dəfə güləşçilərimiz də bu missiyaya qoşulduğunu söyləyib.

Nazir mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan və 11-ci dəfə keçirilən Vüqar Həşimov Memorialının bu dəfə Xankəndi şəhərində keçirildiyini vurğulayıb.

Dördüncü dəfə keçirilən “Üzgüçülük hamı üçün” yarışının bu dəfə Bakı və regionlarda fəaliyyət göstərən 37 üzgüçülük hovuzunda 14 yaş qrupu üzrə 1500-dən çox iştirakçını əhatə etdiyini söyləyən nazir, üzgüçülük idman növünə marağın artdığını bidlirb: “Səkkizinci Uşaq Paralimpiya Oyunları, padel idman növü üzrə ilk Azərbaycan çempionatında, taekvondo və karate üzrə növbəti ölkə çempionatlarında iştirak etdik.

Atıcılıq, badminton və qılıncoynatma federasiyalarının hesabat seçki konfransları keçirildi. Şahmat Federasiyası ilə MMA və Qrapplinq Federasiyasının 2025-ci ilin yekunlarına həsr olunmuş konfransları ötən dövrdəki fəaliyyətlərin müzakirəsi baxımından faydalı oldu. Yenidən seçilən federasiya rəhbərlərinə qarşıdakı dövrdə yeni-yeni uğurlar arzulayıram.

Şübhəsiz uşaq və gənclərin idmana cəlb edilməsi istiqamətində, eləcə də yeni çempionların yetişməsi baxımından kənd və qəsəbələrdə idman zallarının fəaliyyəti də mühüm rol oynayır. Bu günlərdə tanınmış güləşçimiz Taleh Məmmədovun Zabrat qəsəbəsində yunan-Roma güləşi zalı fəaliyyətə başladı”.

Son olaraq Qayıbov bildirib ki, qələbələrlə zəngin daha bir il arxada qoyulub: “Geriyə baxdıqda həm gənclər, həm də idman sahəsində atılan addımların öz bəhrəsini verdiyini görürük. Bu uğurlar ayrı-ayrılıqda deyil, gənclərimizin, idmançılarımızın, idman ictimaiyyətinin, gənclər təşkilatlarının və federasiyaların #birkimibirlikdə yaratdığı birliyin nəticəsidir. İnanıram ki, məhz bu birlik və düzgün strategiya bizi daha böyük hədəflərə aparacaq. Fürsətdən istifadə edərək, hər birinizi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm”.

İdman.Biz