İqor Kşnyakinin qızı: “Atam uçuşu bitirib, Yeni ili bizimlə qeyd etmək istəyirdi” - FOTO

Xəbərlər
25 Dekabr 2025 10:00
115
İqor Kşnyakinin qızı: “Atam uçuşu bitirib, Yeni ili bizimlə qeyd etmək istəyirdi” - FOTO

“Ailəmizin belə bir adəti var idi ki, axşamlar evdə birgə çay süfrəsi arxasında oturardıq və atam bizə uçuşlarından danışardı”.

İdman.Biz xəbər verir ki, bunu bu gün II Fəxri xiyabanda Milli Qəhrəman İqor Kşnyakinin qızı Anastasiya Kşnyakina deyib.

O, bildirib ki, uçuş olmazdan bir gün əvvəl Qroznıya uçacağını bilirdi:

“O dedi ki, uçuşu bitirən kimi evə qayıdacaq. Çünki o, Yeni İli bizimlə qeyd etmək istəyirdi. Bu, onun ən sevimli bayramı idi. Ancaq heyif ki, gəlmədi”.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür. “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Baş verən təyyarə qəzası nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb. Həyatını itirənlərdən üçü ekipaj üzvü olub.

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən təyyarənin ekipaj üzvlərinə - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Xatırladaq ki, mərhum pilot Azərbaycan Gimnastika Federasiyasının üzvləri, gimnastlar Anastasiya və Darya Kşnyakinanın atasıdır.

İdman.Biz