Azərbaycan idmançılarının İslamiadada beşinci cəhdi - İndiyədək 300 medal qazanılıb

Xəbərlər
4 Noyabr 2025 14:22
42
Azərbaycan idmançılarının İslamiadada beşinci cəhdi - İndiyədək 300 medal qazanılıb

Azərbaycan idmançıları indiyədək keçirilmiş İslam Həmrəyliyi Oyunlarında ümumilikdə 300 medal qazanıblar.

İdman.Biz “Report”a istinadən xəbər verir ki, əvvəlki 4 turnirdə əldə edilən mükafatların 114-ü qızıl, 99-u gümüş, 87-sı bürünc əyarlıdır.

Azərbaycan ümumi medal sıralamasında üçüncü pillədə qərarlaşıb. Türkiyə (239 qızıl, 206 gümüş, 200 bürünc) birinci, İran (118 qızıl, 96 gümüş, 106 bürünc) ikincidir.

Təmsilçilərimiz 2005-ci ildə Səudiyyə Ərəbistanının Məkkə şəhərində baş tutan ilk yarışda 15 dəfə fəxri kürsüdə yer alıblar. Medallardan 4-ü qızıl, 4-ü gümüş, 7-si bürünc olubsa, Azərbaycan medal sıralamasında 8-ci pillədə qərarlaşıb.

2009-cu ildə İranın paytaxtı Tehranda təşkili nəzərdə tutulan II İslam Həmrəyliyi Oyunları müəyyən səbəblərdən ləğv edilib.

2013-cü ildə III İslam Həmrəyliyi Oyunlarına İndoneziya ev sahibliyi edib. Həmin vaxt Azərbaycan medal sıralamasında yenə 8-ci yeri tutub. Bu dəfə 6 qızıl, 9 gümüş və 9 bürünc mükafat qazanılıb.

IV turnir isə 2017-ci ildə Bakıda baş tutub. Ölkə təmsilçiləri 162 (75 qızıl, 50 gümüş, 37 bürünc) dəfə fəxri kürsüdə yer alıblar və sıralamada da lider olublar.

Nəhayət, V İslamiada 2021-ci ildə qardaş ölkə Türkiyənin Konya şəhərində gerçəkləşib. Azərbaycan idmançıları medalların sayını bu dəfə 99-a (29 qızıl, 36 gümüş, 34 bürünc) çatdırıblar və sıralamada dördüncü pillədə qərarlaşıblar.

VI İslam Həmrəyliyi Oyunları isə bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda start götürüb. Azərbaycanı yarışda 20 idman növündə 179 idmançı təmsil edəcək. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparacaq.

Turnirin açılış mərasimi noyabrın 7-də, bağlanış mərasimi isə 21-də baş tutacaq.

İdman.Biz