Azərbaycan Dakar-2026-da üç pillə gerilədi

10 Noyabr 2026 01:17
20
Azərbaycan Dakar-2026-da üç pillə gerilədi

Seneqalın paytaxtı Dakarda keçirilən yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarının onuncu yarış günündən sonra Azərbaycanın medal sıralamasındakı mövqeyi dəyişib.

İdman.Biz xəbər verir ki, komandamız əvvəlki günlə müqayisədə üç pillə geriləyərək 10-cu yerə enib. Azərbaycan idmançılarının aktivində üç qızıl və bir gümüş medal var.

Sıralamanın ilk üç pilləsində dəyişiklik olmayıb. Çin 13 qızıl, yeddi gümüş və üç bürünc medalla liderliyini qoruyur. Yaponiya doqquz qızıl, altı gümüş və beş bürünc medalla ikinci, Rusiya isə altı qızıl və dörd gümüş medalla üçüncüdür.

Misir altı qızıl, bir gümüş və üç bürünc medalla dördüncü pillədədir. İlk beşliyi dörd qızıl və bir gümüş medal qazanan Keniya tamamlayır.

Ümumilikdə 75 ölkənin idmançıları medal qazanıblar. Onlardan 43-ü ən azı bir qızıl medala sahib çıxıb.

Xatırladaq ki, Azərbaycana qızıl medalları cüdoçu İbrahim Talıbov (55 kq), çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazandırıblar. Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq) isə gümüş medalın sahibi olub.

Dakar-2026-ya noyabrın 13-də yekun vurulacaq.

İdman.Biz