Azərbaycan milli komandasının sabiq üzvü Mahir Şükürov milli komandanın istefaya göndərilən baş məşqçisi Fernandu Santuşdan başqa, onunla birlikdə çalışan şəxslərin də yola salınmalı olduğunu deyir.
İdman.biz bu barədə futbolinfo.az-a istinadən bildirir.
Şükürovun fikirncə, Azərbaycan futboluna yeni nəfəs lazımdır:
“Fernandu Santuşla yanaşı, onunla birlikdə çalışan, bütün bu müddət ərzində milli komandada məsuliyyət daşıyan şəxslər də yığmadan uzaqlaşdırılmalıdır. Çünki artıq uzun müddətdir ki, onlar futbol ictimaiyyətini aldatmaqla məşğuldurlar, həqiqəti gizlədərək sadəcə, başımızın altına yastıq qoyublar. Bu isə Azərbaycan futbolunun inkişafına heç bir fayda verməyib. Ona görə də düşünürəm ki, hamısı bir-bir yığmanı tərk etməli və yerini yeni nəfəs gətirəcək, futboldan doğrudan da anlayışı olan, bu sahəyə ürəyini qoyacaq insanlara verməlidir”.
İdman.biz