İtaliyanın “Sampdoriya” futbol klubunun hücumçusu Lorenzo Mezzotero karyerasını İtaliya millisində davam etdirə bilər.
İdman.Biz xəbər verir ki, atası italiyalı, anası azərbaycanlı olan 18 yaşlı futbolçu ilə imzalanan yeni müqavilənin maliyyə şərtləri və onun milli komanda ilə bağlı planları İtaliyanın tanınmış media orqanlarının diqqətini yenidən hücumçuya yönəldib.
2008-ci il avqustun 16-da İtaliyanın Montsa şəhərində anadan olan hücumçu həm Azərbaycan, həm də İtaliya vətəndaşlığına malikdir.
Mezzotero Azərbaycan millisinə dəvət alsa da, “Karrareze” ilə qarşılaşmadan sonra ayağında yaranan hematoma səbəbindən yığmanın düşərgəsinə qoşula bilməyib. İtaliya mətbuatı bunun futbolçunun gələcəkdə İtaliya millisində çıxış etməsi ilə bağlı mümkün bürokratik çətinliklərin qarşısını aldığını qeyd edir.
İtaliya millisinin baş məşqçisi Roberto Mançininin və 21 yaşadək futbolçulardan ibarət yığmanın çalışdırıcısı Silvio Baldininin növbəti toplanışlarda gənc hücumçuya dəvət göndərə biləcəkləri bildirilir.
“Sampdoriya”nın da bu ehtimalı ciddi qəbul etdiyini yeni müqavilədəki xüsusi bənd göstərir. Belə ki, futbolçu İtaliyanın əsas və ya U-21 millisinin heyətində ilk rəsmi oyununu keçirəcəyi təqdirdə bonus alacaq.
Futbolçunun maaşı hər mövsüm artacaq
“Sampdoriya” ilə əvvəlki müqaviləsinin müddəti 2028-ci ilin iyununda başa çatacaq futbolçunun yeni sözləşməsi 2030-cu il iyunun 30-dək qüvvədə olacaq. İtaliya klubu müqaviləni daha bir mövsüm uzatmaq hüququna da malikdir.
Yeni razılaşmaya əsasən, hücumçunun vergilər tutulmazdan əvvəl illik qazancı aşağıdakı kimi olacaq:
- 2026/27 mövsümü - 40 min avro (74,4 min manat);
- 2027/28 mövsümü - 180 min avro (334,9 min manat);
- 2028/29 mövsümü - 230 min avro (427,9 min manat);
- 2029/30 mövsümü - 280 min avro (521 min manat).
“Sampdoriya” A Seriyasına yüksələcəyi təqdirdə futbolçunun maaşı daha da artacaq. Belə olan halda onun 2029/30 mövsümündə illik qazancı 400 min avronu (744,3 min manat) ötəcək. Müqavilədə keçirilən oyunların sayına görə də əlavə bonuslar nəzərdə tutulub.
Futbola Azərbaycanda başlayıb
Mezzotero futbolçu karyerasına Azərbaycanda başlayıb. Daha sonra İtaliyaya yollanan hücumçu “Viqor Milano” və “Atalanta”nın akademiyalarında çıxış edib. Sol dizində yaranan problem onun inkişafına mənfi təsir göstərib və özünə inamının azalmasına səbəb olub.
Futbolçunun karyerasında dönüş nöqtəsi İspaniyada, Barselona şəhərində yerləşən “Fundacion Marcet” akademiyasındakı fəaliyyəti olub. Burada həm təhsil, həm də futbol sahəsində yüksək nəticələr göstərən Mezzotero əvvəlki formasını və özünə inamını bərpa edib.
2024-cü ilin yayında “Sampdoriya”ya qoşulan hücumçu bu yaxınlarda İspaniya akademiyasının Şöhrət zalına daxil edilib. İspaniya millisinin qapıçısı David Raya və futbolçu Oliver Torres də həmin siyahıda yer alırlar.
18 yaşlı hücumçunun hələlik şəxsi agenti yoxdur. “Sampdoriya” rəhbərliyi ilə yeni müqavilə üzrə danışıqları onun atası Sergio aparıb.
Yalnız Mançini və Kiorri onu qabaqlayırlar
Mezzotero əsas komandada keçirdiyi beş qarşılaşmada iki qol vurmaqla “Sampdoriya”nın tarixinə də düşüb.
Klub tarixində yalnız Roberto Mançini və Alvyero Kiorri ilk iki qollarını Mezzoterodan daha erkən yaşda vurublar.
Hücumçu 18 yaş, iki ay və 15 günlüyündə “Virtus Entella”nın qapısına yol taparaq əsas komandada ilk qolunu vurub. Daha sonra “Benevento” ilə qarşılaşmada fərqlənərək baş məşqçi Luka Dancelonun rəhbərliyi altında komandanın ardıcıl üçüncü qələbəsinə töhfə verib.
Qeyd edək ki, cəmi 20 gün əvvəl “Sampdoriya”nın gənclər komandasında çıxış edən Mezzotero hazırda əsas heyətin diqqətçəkən futbolçularından birinə çevrilib.
