Litva millisinin baş məşqçisi Edqaras Yankauskas Azərbaycan yığması ilə oyunda heç-heçənin komandası üçün qənaətbəxş nəticə olmayacağını deyib.
İdman.Biz xəbər verir ki, mütəxəssis UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla keçiriləcək qarşılaşma barədə Bakıda təşkil olunan mətbuat konfransında danışıb.
Yankauskas komandasının görüşə qələbə əzmi ilə çıxacağını bildirib:
“Komandanın düşüncəsində “heç-heçə bizə kifayətdir” fikri yaranmamalıdır. Bakıya qələbə üçün gəlmişik. Qarşılaşmaya da bu düşüncə ilə çıxacağıq”.
Baş məşqçi Andorra ilə matçda bəzi əsas futbolçulara istirahət verməsi barədə də fikirlərini bölüşüb:
“Məncə, bu, doğru qərardır. Əsas oyunçuların yorğunluğu hiss olunurdu. Eyni zamanda ehtiyatdakı futbolçular da özlərini göstərmək istəyirlər”.
Yankauskas Azərbaycan millisinin Lixtenşteynlə qolsuz heç-heçəsinə də münasibət bildirib:
“Belə oyunlarda rəqib müdafiəni bağlayır. Çoxsaylı hücumlara baxmayaraq, bəzən qol vurmaq mümkün olmur. Qapıçının uğurlu oyunu, zərbələrin bloklanması kimi xırda detallar nəticəni müəyyənləşdirir”.
Qeyd edək ki, UEFA Millətlər Liqasının D Liqasının ikinci qrupunda Azərbaycan - Litva oyunu oktyabrın 4-də saat 17:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.
