Azərbaycan millisinin müdafiəçisi Rəhman Daşdəmirov Tacikistan yığması ilə keçiriləcək yoxlama oyunu öncəsi fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, futbolçu mətbuat konfransında rəqib komandanın ətraflı təhlil edildiyini bildirib.
“Tacikistan nə istədiyini bilən komandadır. Biz də rəqibin oyununu yaxşı analiz etmişik. Baş məşqçimiz Ayxan Abbasovun verdiyi tapşırıqları meydanda düzgün yerinə yetirməyə çalışacağıq. İstəyimiz qalib gəlmək və xalqımızı sevindirməkdir”, - deyə Daşdəmirov vurğulayıb.
Müdafiəçi qarşılaşmanın Millətlər Liqasına hazırlıq baxımından əhəmiyyətini də qeyd edib:
“Bu, Millətlər Liqasının oyunları öncəsi son hazırlıq matçımızdır. Ona görə də görüşə ciddi yanaşırıq”.
Qeyd edək ki, Azərbaycan – Tacikistan yoldaşlıq oyunu sentyabrın 23-də 8-ci km qəsəbə stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.
