UEFA nümayəndəsi kimi Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Eqnatiya” - “Şemrok Rovers” qarşılaşmasında hakim-inspektor funksiyasını yerinə yetirən Asim Xudiyev Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevlə görüşüb.
İdman.Biz xəbər verir ki, AFFA Hakimlər Komitəsinin üzvü Albaniyanın Rroqojine şəhərində baş tutan matçdan sonra bu barədə şəxsi sosial şəbəkə hesabında məlumat verib.
Xudiyevin sözlərinə görə, görüş “Eqnatiya” klubunun rəsmi nümayəndəsinin təşəbbüsü ilə baş tutub. Klub rəsmisi ona komandanın heyətində azərbaycanlı futbolçunun çıxış etdiyini bildirib.
“Zamiqlə əvvəldən tanış olmadığımız üçün ilk anda məni tanımadı. Oyundan sonra isə haqqımda məlumatı olduğunu dedi. O, start heyətində yer almamışdı, amma ikinci hissədə meydana daxil olaraq yaxşı müdafiəçi olduğunu göstərdi. Matçdan sonra onu qələbə münasibətilə təbrik etdim, uğurlar arzuladım. Zamiq də mənə oyun formasını hədiyyə etdi. Bildiyimə görə, klub rəhbərliyi onun çıxışından çox razıdır”, - Xudiyev qeyd edib.
Albaniya təmsilçisi ilk görüşdə 1:3 hesabı ilə məğlub olduğu “Şemrok Rovers”i cavab matçında 5:1 hesabı ilə üstələyib. “Eqnatiya” iki oyunun nəticəsinə əsasən 6:4 hesablı üstünlüklə pley-offa keçib.
Bu nəticə ilə klub ən azı UEFA Konfrans Liqasının Liqa mərhələsində iştirakını da təmin edib. “Eqnatiya” Avropa Liqasının pley-off mərhələsində Norveçin “Lillestrem” klubu ilə qarşılaşacaq.
