Millimizin müdafiəçisi “Petrolul”un qələbəsində iştirak etdi

10 Avqust 2026 00:07
130
Millimizin müdafiəçisi “Petrolul”un qələbəsində iştirak etdi

Rumıniyanın “Petrolul” futbol komandası ölkə çempionatının dördüncü turunda növbəti oyununu keçirib.

İdman.Biz xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi Ployeşti təmsilçisi doğma meydanda “Otselul”u qəbul edib. Görüş “Petrolul”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qol 34-cü dəqiqədə vurulub. “Petrolul”un hücumçusu Dorian N'Lundulu penaltini dəqiq yerinə yetirərək komandasına üç xal qazandırıb. “Otselul”un ikinci hissədə hesabı bərabərləşdirmək imkanı olsa da, Pedro Nuno 63-cü dəqiqədə penaltidən yararlana bilməyib.

Cəlal Hüseynov qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb. 23 yaşlı müdafiəçi 75-ci dəqiqədə Serciu Hankanı əvəzləyərək meydana daxil olub və matçın qalan hissəsini oynayıb.

Qonaqlar 77-ci dəqiqədən etibarən azlıqda qalıblar. Dan Neyku kobud qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb. “Petrolul” say üstünlüyünü qoruyaraq hesabı sona qədər saxlayıb.

Qeyd edək ki, Cəlal Hüseynov bu yay “Petrolul”a keçib və klubla ikiillik müqavilə imzalayıb. Azərbaycan millisinin üzvü ötən mövsüm Bolqarıstanın “Arda” komandasında çıxış edib.

İdman.Biz