MMA üzrə mütəxəssis Azərbaycan idmançılarının Bakıdakı UFC turnirində çıxışını dəyərləndirib

Xəbərlər
23 İyun 2025 17:17
44
MMA üzrə mütəxəssis Azərbaycan idmançılarının Bakıdakı UFC turnirində çıxışını dəyərləndirib

"Azərbaycanda çox möhtəşəm döyüş gecəsi keçirildi. Belə nüfuzlu turnirin ölkəmizdə təşkil olunacağını bir neçə il öncə təxmin etmək çətin idi. Amma biz bunu bacardıq. Bu işdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm".

İdman.biz bu sözləri AZƏRTAC-a açıqlamasında MMA üzrə mütəxəssis Şiraslan Kərimov deyib.

O, Azərbaycan idmançılarının Bakının ilk dəfə ev sahibliyi etdiyi UFC turnirindəki çıxışını dəyərləndirib: “Rafael Fiziyev çilili İqnasio Bahamondeslə döyüşdə öz təcrübəsini göstərdi. Son döyüşlərdə üç məğlubiyyət almasına baxmayaraq, hazırda ideal formadadır. Onun səviyyəsi rəqibindən qat-qat üstündür. Rafael göstərdi ki, rəqib nə qədər hərtərəfli olsa da, bəzi hallarda təcrübə daha vacibdir. Əslində nokaut gözləyirdim. Amma təmsilçimizə sadəcə qələbə lazım idi. Doğru taktikalardan istifadə edərək görüşdən qalib ayrıldı. Ümumiyyətlə, MMA elə bir idman növüdür ki, yaxşı nəticə üçün hərtərəfli olmaq lazımdır. Rafael də bunu sübut etdi. Nazim Sadıxova gəlincə, mənə görə, o, braziliyalı rəqibi Nikolas Motta ilə eyni səviyyədədir. Bəzi insanlar fikrimlə razı deyillər. Döyüşdə iki idmançı arasında gərgin mübarizənin getdiyini müşahidə etdik. Bir neçə epizodda çox həyəcan keçirdik. Amma Nazim üstünlüyü qoruya bildi və qələbə qazandı. Bildiyiniz kimi, idmançımız UFC tərəfindən “Gecənin Döyüşü” və “Ən Yaxşı Nokaut” bonuslarını əldə etdi. Buna görə, o, ümumilikdə 100 min dollar mükafata yiyələndi. Döyüşə çox yaxşı hazırlaşmışdı. O, Azərbaycanda heç vaxt uduzmayacağını söyləmişdi”.

Kərimov qırğızıstanlı Mıqtıbek Orolbaya məğlub olan Tofiq Musayevin haqsızlıqla üzləşdiyini bildirib: “Tofiq bizim əfsanəmizdir. Çox güclü döyüşçü, kifayət qədər nəticələri olan idmançıdır. Vaxtilə ölkəmizdə keçirilən “Rizin” turnirində kəmərin sahibi olmuşdu. Amma bu dəfə onun rəqibi Orolbay güləşə üstünlük verdi. Biz gördük ki, rəqib çəkiölçmə mərasimində peşəkarlıq göstərmədi. Tam hazırlıqlı deyildi. Döyüş 70 kiloqram 800 qramda keçirilməli idi. Amma nəticədə 75 kiloqramda təşkil edildi. Tofiq çəkisini demək olar ki, tam salmışdı. O, 71 kiloqram idi. Amma rəqibinin çəkisi ondan təxminən 3 kilo artıq idi. Bu, Tofiq üçün çox böyük çəkidir. Bunlardan əlavə, Orolbay idmançımız üzərində doğru taktika seçmişdi. Təbii ki, döyüş ayaq üstə keçirilsəydi, daha maraqlı olardı. Amma rəqibin buna ehtiyacı yox idi. Musayevin zəif və güclü nöqtələrini yaxşı bilirdi. Ona görə qurduğu planı dəqiqliklə yerinə yetirərək qalib gəldi. İnanıram ki, Tofiq öz çəkisində olan döyüşçü ilə üz-üzə gəlsə, asanlıqla qələbə qazana bilər. Ümid edirəm ki, növbəti turnirlərdə maraqlı qarşılaşmalara şahidlik edəcəyik”.

Qeyd edək ki, yarışda ümumilikdə 24 idmançı qüvvəsini sınayıb. Müxtəlif çəkili idmançılar ilkin və əsas döyüşlərdə mübarizə aparıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə 12 nəfər qalib olub.

İdman.biz