UFC rəhbəri Dana Uayt ağır çəkidə növbəti titul döyüşünün niyə Aleksandr Volkova deyil, Coş Hokitə verilməsinə aydınlıq gətirib.
İdman.Biz xəbər verir ki, Tom Aspinall gözündəki problemlərə görə çempionluq titulundan imtina etdikdən sonra ağır çəki divizionunda vəziyyət dəyişib. Bundan sonra müvəqqəti çempion Siril Qan əsas çempion elan olunub.
Qan ilk titul müdafiəsini noyabrın 14-də Nyu-Yorkda keçiriləcək "UFC 334" turnirində Coş Hokitə qarşı keçirəcək.
Hokitin titul döyüşünə seçilməsi Volkovun kənarda qalması ilə bağlı suallar yaradıb. 37 yaşlı rusiyalı döyüşçü son illərdə divizionun əsas iddiaçılarından biri olub. O, sonuncu dəfə 2024-cü ilin dekabrında "UFC 310" turnirində Siril Qanla qarşılaşıb və hakimlərin bölünmüş qərarı ilə məğlub olub. Dana Uayt da həmin döyüşdən sonra hakimlərin qərarı ilə razılaşmadığını bildirib.
Buna baxmayaraq, UFC növbəti titul şansını Hokitə verməyə qərar verib. Məğlubedilməz ABŞ-li peşəkar karyerasında keçirdiyi 10 döyüşün hamısında qələbə qazanıb. O, UFC-də Körtis Bleyds və Derrik Lyuis kimi tanınmış döyüşçülərə də qalib gəlib.
Dana Uayt bildirib ki, Hokitə şəxsi münasibəti bu qərara təsir etməyib. UFC rəhbəri ABŞ-linin bir sıra ictimai açıqlamaları ilə razılaşmadığını desə də, döyüşçünün qələbələr qazandığı müddətdə təşkilatda irəliləyə biləcəyini vurğulayıb.
“Səni bəyənməyim vacib deyil. Burada uğur qazanmağın və irəliləməyin üçün əsas olan döyüşlərdə qalib gəlməyindir”, - Uayt deyib.
Volkov isə titul döyüşünün Hokitə verilməsindən narazılığını gizlətməyib. Rusiyalı döyüşçü bu qərara kinayəli münasibət göstərib və ağır çəkidə çempionluq kəməri uğrunda döyüşmək istəyinin qüvvədə qaldığını bildirib.
Volkov hazırda da ağır çəkidə titul uğrunda mübarizə aparan əsas iddiaçılardan biridir. Qan - Hokit döyüşünün nəticəsi onun növbəti titul şansına da təsir göstərə bilər.
