Azərbaycanəsilli kikboksçu Çingiz Əlləzov yeni böyük kikboksinq promouşeninin yaradılacağı barədə anons verib.
İdman.Biz xəbər verir ki, idmançı bu barədə özünün “Instagram” səhifəsində paylaşım edib.
Yeni layihə Beynəlxalq Boks Assosiasiyasının (IBA) himayəsi altında fəaliyyət göstərəcək və IBA PRO adlanacaq. Əlləzov isə yeni strukturda əsas rəhbər şəxslərdən və funksionerlərdən biri kimi fəaliyyət göstərəcək.
Çingiz Əllazov liqanın təşkilati və idarəetmə işlərinə cəlb olunacaq. O, IBA platformasında peşəkar kikboksinqin inkişafı və təbliği istiqamətində fəaliyyət göstərəcək.
Qeyd edək ki, Əlləzov daha əvvəl Sinqapurun “ONE Championship” promouşenində çıxış edib. O, burada dünya çempionu olmaqla yanaşı, çəki dərəcəsindən asılı olmayaraq ən güclü döyüşçülərin yer aldığı P4P reytinqində də lider olub.
Azərbaycan əsilli idmançı “ONE Championship”lə yaşadığı fikir ayrılıqları səbəbindən təşkilatla müqaviləsinə xitam verməyə çalışıb. Əllazov bundan sonra diqqətini şəxsi layihələrinə və döyüş sənayesi sahəsinin inkişafına yönəltmək niyyətində olduğunu bildirib.
Yeni promouşenin fəaliyyətinin nə vaxt başlayacağı və yarışların formatı ilə bağlı əlavə detalların yaxın zamanda açıqlanması gözlənilir.
Məlumat üçün əlavə edək ki, Çingiz Əlləzov 1993-cü ildə Gürcüstanın Qardabani bölgəsində doğulub. O, “One Championship” Dünya Qran Prisinin qalibi və yüngül çəkidə mütləq çempiondur. İdmançı hazırda Belarusda yaşayır.
