UFC döyüşçüsü Kvillan Salkilld yüngül çəkidə böyük səs-küy doğuran nəticəyə imza atıb. Avstraliyalı idmançı “UFC Vegas 120” turnirinin əsas döyüşündə təcrübəli Mateuş Gamrotla qarşılaşıb.
İdman.Biz xəbər verir ki, Las-Veqasdakı Meta APEX-də keçirilən döyüş cəmi bir raund davam edib. Qarşılaşmanın əvvəlində Gamrot rəqibini təslim etməyə çalışsa da, Salkilld təhlükəli vəziyyətdən çıxmağı bacarıb.
Bundan sonra təşəbbüsü ələ alan 26 yaşlı döyüşçü Gamrotu yerə yıxıb və onun arxasına keçib. Salkilld boğucu fənd tətbiq edərək polşalı rəqibini təslim olmağa məcbur edib. Hakim döyüşü birinci raundun 4 dəqiqə 25-ci saniyəsində dayandırıb.
Bu qarşılaşma Salkilldin UFC-də ilk əsas döyüşü olub. O, daha təcrübəli və yüngül çəkinin aparıcı simalarından sayılan Gamrot üzərində erkən qələbə qazanaraq diviziondakı iddiasını daha da gücləndirib.
Qeyd edək ki, Salkilld bu görüşədək UFC-də keçirdiyi beş döyüşün hamısında qalib gəlmişdi. Gamrot isə əvvəllər KSW çempionu olub və UFC-də bir neçə dəfə əsas döyüşdə iştirak edib.
