UFC-də azərbaycanlı döyüşçülər üçün həqiqət anı: bundan sonra nə olacaq? - İDMAN.BİZ-in TƏHLİLİ

3 Fevral 2026 16:29
123
UFC-də azərbaycanlı döyüşçülər üçün həqiqət anı: bundan sonra nə olacaq? - İDMAN.BİZ-in TƏHLİLİ

Yaxın vaxtlarda “UFC 325” turnirində Rafael Fiziyevin braziliyalı Maurisio Ruffiyə məğlubiyyətindən sonra azərbaycanlı döyüşçülər xoşagəlməz vəziyyətlə üz-üzə qalıblar.

ABŞ-də keçirilən döyüşlərdə Azərbaycan təmsilçilərinin hər üçü son döyüşlərini uduzub: Fiziyev Ruffiyə məğlub olub, Nazim Sadıxov fransalı Fares Ziamla bacarmayıb, Tofiq Musayev isə UFC-də debüt görüşündə qırğızıstanlı Mıktıbek Orolbayla qarşılaşmada məğlubiyyətə düçar olub.

İdman.Biz azərbaycanlı döyüşçülərin UFC-də hansı vəziyyətdə olduqlarını və durumu yaxşılaşdırmaq üçün nə etməli olduqlarını araşdırmağa çalışıb.

Status əldən çıxmağa başlayanda

Rafael Fiziyevin “UFC 325” turnirində Sidneydə Ruffiyə uduzması liqa üçün bir siqnal baxımından xüsusilə ağrılı oldu - döyüş ikinci raundda texniki nokautla başa çatdı. Quru statistika isə belədir: hazırda 32 yaşı olan (5 martda 33 yaşını qeyd edəcək) Fiziyev UFC-də son beş döyüşünün dördündə məğlub olub. Bu isə həmişə döyüşçüyə olan münasibəti dəyişən bir mərhələdir — hətta əvvəllər etimad krediti və tanınmış adı olsa belə.

Sağlamlıq amili də mühüm rol oynayıb: Ruffidən əvvəlki texniki nokautla məğlubiyyəti 23 sentyabr 2023-cü ildə Mateuş Qamrota qarşı döyüşdə ayaq zədəsi ilə bağlı idi və qarşılaşma məhz bu səbəbdən dayandırılmışdı. Bu cür zədələr Fiziyevin üslubuna təsirsiz ötüşmür. Onun güclü tərəfləri sürət, bucaqların tez-tez dəyişdirilməsi və ayaq üzərində işə əsaslanırdı. Diz və ayaq zədələrindən sonra isə mobilliyinin cüzi azalması belə döyüşü “bir az yavaşladır”. Yüngül çəkidə isə bu “bir az” rəqibin səni daha tez və daha sərt qarşılaması üçün kifayətdir.

Məhz buna görə növbəti döyüş potensial olaraq karyeranın sonu yox, status baxımından həlledici ola bilər. Daha bir məğlubiyyət onu perspektivli döyüşçüləri irəli çəkmək üçün əlverişli “səs-küylü ad” statusunda möhkəmləndirə bilər.

Yenidən start vermək üçün Fiziyev çevik və praqmatik davranmalıdır: sağlamlığını elə vəziyyətə çatdırmalıdır ki, 15 dəqiqə ərzində ayaqlar üzərində tam gücü ilə işləyə bilsin, güləş bacarıqlarını inkişaf etdirərək daha universal olsun, tempə nəzarəti qaytarmağa imkan verən rəqib seçsin və liqaya göstərsin ki, o, təkcə gözəl yox, həm də düzgün - intizam, müdafiə və risklərin idarə olunması hesabına qazana bilir.

İlk ciddi zərbəyə reaksiya

Nazim üçün başlanğıc nöqtəsi fərqlidir: o, hələ UFC-də öz reputasiyasını formalaşdırır və buna görə hər məğlubiyyət sistem daxilində “sən kimsən” sualına daha güclü təsir edir. Onun son döyüşü 6 dekabr 2025-ci ildə Ziamla məğlubiyyətlə yekunlaşıb. Bu uğursuzluğa qədər Sadıxov karyera yüksəlişi yaradan nəticələr əldə etmişdi: Nikolas Mottaya qarşı texniki nokautla qələbə və daha əvvəl İsmael Bonfimin həkim qərarı ilə dayandırılan döyüşü.

Hazırda 31 yaşlı Sadıxov üçün əsas məsələ məğlubiyyətin təsadüfi olduğunu sübut etməyə çalışaraq özünü yormamaq, konkret problemləri aradan qaldırmaqdır: raundlar üzrə gücü daha düzgün bölmək, qəfəs kənarında daha ehtiyatlı davranmaq və rəqib tempə uyğunlaşmağa başlayanda vaxtında klinç və ya güləşə keçmək. Növbəti döyüş həlledici ola bilər: sürət yığımı mərhələsində ardıcıl iki məğlubiyyət döyüşçünü “perspektivli” kateqoriyadan “qeyri-sabit” statusuna keçirir.

Ən məntiqli ssenari orta səviyyəli, gücü bərabər olan rəqiblə döyüşdür. Bu halda Nazim intizam hesabına inamlı qələbə qazanıb irəliləyiş göstərə, daha sonra səs-küylü adlar haqqında düşünə bilər. Yüngül çəkidə top-10-a gedən yol bir seriya tələb edir və Nazimə məhz seriya lazımdır, tək bir parlaq gecə yox.

Səhv etmək hüququ olmayan döyüş

Tofiq üçün vəziyyət yaş və zamanlama baxımından daha sərtdir. O, UFC-də debüt döyüşünü 21 iyun 2025-ci ildə Bakıda keçirilən turnirdə Orolbay Miktibekova qarşı birinci raundda sabmişnla uduzub. Bu cür startdan sonra uyğunlaşma üçün demək olar ki, vaxt qalmır. O, bu üçlük arasında ən yaşlı döyüşçüdür və UFC-də bu, həmişə daha qısa gözləmə dəhlizi deməkdir: 36 yaşlı debütantdan adətən nəticə dərhal gözlənilir, bir neçə döyüşlük uyğunlaşma mərhələsi yox.

Bu fonda onun apreldə Las-Veqasda keçiriləcək UFC turnirində braziliyalı Samuel Sançesə qarşı mümkün döyüşü karyerasında açar rol oynayacaq. Qələbə Tofiqə oyunda qalmaq imkanı verəcək, debütdən sonra yaranmış mənfi etiketi siləcək və söhbəti sağ qalmaqdan yox, strategiya və inkişafdan aparmağa şərait yaradacaq. Məğlubiyyət isə UFC-dəki hekayəsi üçün ölümcül ola bilər - yox ona görə ki, o, güclü döyüşçü deyil, ona görə ki, liqa bu hallarda praqmatik davranır: yaş amili və 0–2 start demək olar ki, həmişə imkanların kəskin azalması və rosterdə yer itirmək riski deməkdir.

Geriyə yol yoxdur

UFC-nin yüngül çəkisində səhvlər baha başa gəlir, zədələr isə daha da baha, çünki burada uzun fasilələrə və yavaş yenidənqurmaya vaxt yoxdur. Oktaqona hər yeni çıxış sadəcə növbəti döyüş deyil, döyüşçünün liqa sistemindəki yerinin yoxlanılmasıdır.

Fiziyev üçün əsas sual odur ki, o, üslubuna nəzarəti qaytararaq düzgün və sürətli restart edə biləcəkmi və enişin geri dönməz proses yox, şəraitin nəticəsi olduğunu sübut edəcəkmi. Nazim üçün isə ilk ağır məğlubiyyətə reaksiyası həlledicidir, çünki məhz bu anlar inkişaf potensialı olan döyüşçüləri aralıq statusda ilişib qalanlardan ayırır. Tofiq üçünsə növbəti döyüş geri dönüş nöqtəsi ola bilər - onun UFC-də hekayəsinin davam edib-etməyəcəyini və ya qısa bir epizod kimi qalacağını müəyyənləşdirən an.

Məhz buna görə hazırkı vəziyyətin Azərbaycan MMA-sı üçün əsas mənası ondadır ki, söhbət tək bir uğursuzluqdan getmir. Məsələ bu döyüşçülərin karyeralarının ən çətin mərhəsini - hər qərarın, hər qəfəsə çıxışın və hər nəticənin ya gələcək üçün işlədiyi, ya da ona qarşı çevrildiyi anı keçə bilib-bilməyəcəklərindədir.

İdman.Biz