Azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov("Qara qurd" - red) həmkarı və həmvətəni Rafael Fiziyevin zarafatının hədəfinə çevrilib.
İdman.Biz xəbər verir ki, hər iki azərbaycanlı idmançı hazırda Las-Veqasdadı və onlar sosial şəbəkələrdə birgə canlı yayıma çıxıblar.
Yayım zamanı Fiziyev Sadıxova sual verib: “De görüm, sən nə üçün döyüşürsən?”

N. Sadıxov bu sualı zarafatla belə cavablandırıb:
“Mən sosial şəbəkələrdə izləyici qazanmaq üçün döyüşürəm. Amma heç kim məni izləmək istəmir. UFC-də gecənin ən yaxşı döyüşlərində iştirak edib bonuslar qazanıram, amma izləyicilərimin sayı artmır.”
Buna cavab olaraq Fiziev gülümsəyərək deyib:
“Bu oğlanın bütün amerikalı izləyiciləri, keçin mənim səhifəmə!”
Karyerası ərzində Nazim Sadıxov üç dəfə “Gecənin döyüşü”, bir dəfə isə “Gecənin çıxışı” bonusu qazanıb. Rafael Fizievin hesabında isə dörd “Gecənin döyüşü” və üç “Gecənin çıxışı” mükafatı var.
R. Fiziyev son döyüşünü iyun ayında Bakıda keçirilən UFC turnirinin əsas qarşılaşmalarından birində çilili İqnasio Baxamondesə qarşı keçirib və qalib gəlib. Eyni turnirdə Sadıxov da braziliyalı Nikolos Mota üzərində qələbə qazanaraq UFC-dən bonus əldə edib.
Nazim Sadıxov növbəti döyüşünü 6 dekabrda Las-Veqasda baş tutacaq "UFC 323" turnirində fransalı Farez Ziama qarşı keçirəcək. Rafael Fiziyev isə hazırda dizindən aldığı zədədən bərpa olunur və onun rinqə qayıdışı gələn ilin əvvəlində gözlənilir.

Teymur Tuşiyev
