“Növbəti görüş iyunda Bakıda olacaq. Hələ ki, rəqibin kimliyi bilinmir, danışıqlar davam edir”.
Bunu Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev report.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- ABŞ-nin Sietl şəhərində keçirilən döyüşdə UFC-də ilk qələbənizi qazandınız. Döyüşü necə şərh edərdiniz?
- Rəqib “Top-15”də yer alan idmançıdır. Onun daha əvvəl Rafael Fiziyevlə də görüşü olmuşdu. Nə rəqib, nə də mən uduzmağı düşünürdük. Bu döyüşdən əvvəl hər ikimiz məğlub olmuşduq. Biz burada qan tökməyə məcbur idik. UFC-nin baş direktoru Deyna Uaytın da dediyi kimi, belə döyüşlər az olur. Bu cür döyüşməyə məcbur idik.
- Döyüş zamanı ciddi zədə aldınız, əliniz sındı. Hazırda son durum necədir?
- Bəli, döyüş zamanı əlim sındı. Zədəmin bərpası zaman ala bilər. Lakin bu bir az da özümdən asılıdır. İstəyirəm tez sağalım və məşqlərə start verim. Növbəti görüş üçün səbirsizlənirəm.
- Növbəti rəqibiniz bilinir?
- Növbəti görüş iyunda Bakıda olacaq. Hələ ki, rəqibin kimliyi bilinmir, danışıqlar davam edir. Bu, bir az da zədənin durumundan asılı olacaq. Biz soğru göndərmişik. UFC məni hansı idmançıya rəqib etsə, onunla da döyüşəcəyəm.

- İqnasio Bahamondes sizinlə döyüşdən əvvəl Bakıda Azərbaycanın digər təmsilçisi Rafael Fiziyevə uduzmuşdu. Bu görüşlə bağlı Fiziyevdən nələrisə soruşmuşdunuz?
- Özümü heç bir idmançıdan zəif hesab etmirəm, gücüm yerindədir. Döyüş sayına görə də yetərincə təcrübəyə malikəm. Ona görə nəsə soruşmağa ehtiyac yoxdur. Üstəlik, hər idmançının özünün döyüş planı olur. Şükürlər olsun, döyüş plan üzrə getdi, hər şey qaydasında idi.
- İqnasio Bahamondeslə görüşünüz həm gecənin, həm də mart ayının ən yaxşı döyüşü seçilib. Bunu gözləyirdiniz?
- Açığı, bu cür qanlı mübarizələr hər vaxt olmur. Bəzi görüşlər nokautla tez bitir. Bizim duelimiz isə çox çətin və gərgin alındı. Çox sevinirəm ki, “Dəmir yumruğ”un gücünü UFC-də göstərdim. Həm Vətən müharibəsi iştirakçısı kimi, həm bir döyüşçü kimi sevinirəm, özümlə qürur duyuram. Azərbaycanlıların döyüş ruhunu, qələbə əzmini hər kəsə göstərdik.
- Bundan sonra UFC-dəki hədəfləriniz nədən ibarət olacaq?
- Təbii ki, məşqləri davam etdirmək və irəli getmək lazımdır. Yalnız bir amalımız var - qələbələr qazanmaq. “Top-10”, “Top-5”də olan rəqiblərə qarşı döyüşə bilərəm və düşüncəm qalib gəlmək olacaq. Hər zaman özümü güclü idmançılara qarşı sınamaq istəyirəm, rəqibin mənim üçün fərqi yoxdur. UFC kimi təklif etsə, mən hazıram. Əsas odur ki, zədəm tez sağalsın. Zədəli olmasaydım, uzağı 10 gün sonra Las-Veqasa dönüb, növbəti döyüşümə hazırlaşacaqdım.

- Bu qələbədə Həbib Nurməhəmmədovun komandasında məşqlər keçməyinizin rolu oldu?
- Xeyr, mən bu döyüş üçün Həbib Nurməhəmmədovun komandasında məşq etməmişəm. Bu yarışa ABŞ-nin Las-Veqas şəhərində hazırlaşmışam. Sabiq UFC çempionu Rendi Kutyurun idman zalında məşqləri davam etdirmişəm. Mən yığmada Həbib Nurməhəmmədovun məşhur olmayan vaxtları toplanışda olmuşam. Uzun illərdir Həbibin komandasında toplanış keçmirəm. Onlarla çox yaxşı münasibətim var. Bildiriblər ki, hər cür dəstək göstərməyə hazırdırlar.
- Hazırkı gənclərdən Azərbaycanı UFC-də layiqincə təmsil etməyə namizədlər var?
- İstedadlı gənclər var. Lakin Asəf Çopurovun adını çəkə bilərəm. Hazırda Rusiyada yaşayır və UFC-də döyüşməyə əsas namizədlərdən hesab edilir. O, gənc və istedadlı idmançıdır. Funksional dözümlülüyü, xarakteri və döyüş üslubu ilə seçilir.
