XX əsrin axırlarında Canpolad Budaqovun adı Azərbaycanda idmana marağı olan hər kəsə tanış idi. O, ölkənin ən tanınmış idmançılarından biri olmaqla yanaşı, hələ də Azərbaycanın yeganə dünya çempionu olan uşu-sanda ustasıdır.
Canpolad Budaqov İdman.Biz-ə müsahibəsində həyatı, karyerası və hazırkı fəaliyyəti barədə danışıb.
- XX əsrin sonunda ölkənin ən məşhur idmançılarından olan Canpolad Budaqov XXI əsrin əvvəlində nə ilə məşğuldur?
- Demək olar ki, heç nə ilə. Hazırda özümü gənclərin uşu-sanda üzrə hazırlığına həsr etmişəm. Təəssüf ki, bu sahədə idmançılarımızın səviyyəsi hazırda arzuolunan deyil. Halbuki bir vaxtlar dünyada ən güclülərdən idik. Məsələn, 1999-cu il dünya çempionatında üç finalçımız vardı. Mən çempion oldum, iki şagirdim - Rasəf və Yasəf Mehdiyevlər - medal qazandılar. O da ki, Hong-Konqda, uşu-sanda idmanının vətəndə. İndi isə İslam Oyunlarında cəmi bir bürünc medal qazana bildik.
- Sizcə, niyə XXI əsrdə Azərbaycandan uşu-sanda üzrə dünya çempionu yetişməyib? Artıq əsrin ilk rübü də başa çatır…
- Bu sual daha çox bu idman növü ilə məşğul olanlara ünvanlanmalıdır. Mən müəyyən səbəblərə görə uzun müddət Azərbaycanda yox idim, amma idmançılarla əlaqə saxlayırdım. Bürünc və hətta gümüş medal qazananlarımız oldu, amma dediyniz kimi çempion yox idi.
- Bəs bunun üçün nə edilməlidir?
– Nə deyim… Təzəcə bir zal götürmüşəm ki, uşaqları məşq etdirim. Amma orada avadanlıq lazımdır - ən azı döşəklər və boks kisələri. Gənclər və İdman Nazirliyinə müraciət etmişəm, kömək edəcəklərini deyiblər. Ümid edirəm ki, dəstək olacaqlar. Uşu-sanda - boks, güləş və karatenin elementlərini birləşdirən ən çətin idman növlərindən biridir. Bu sahədə ciddi nəticə qazanmaq üçün həmin növlər üzrə yüksək bacarığa sahib olmaq lazımdır və bu da hər kəsin edə biləcəyi iş deyil.
- Amma siz bacarmısınız…
- Mən 18 yaşımda SSRİ çempionu olmuşam, öz çəki dərəcəmdə SSRİ yığmasının bir nömrəsi idim. Amma mənim bacarmadıqlarımı bacaran çox adam var (gülür). Görürsünüz, hələ də normal iş tapa bilmirəm.
- Gürcüstanda çalışdığınız deyilir. Doğrudur?
- Bəli, Gürcüstanda işləyirdim. Orada öz sanda klubum var, əsasən Borçalı bölgəsində yaşayan azərbaycanlı gənclər məşq edir. Amma mən bütün idman nailiyyətlərimi Azərbaycan üçün qazanmışam. Biz buraya mənim altı yaşımda köçmüşük. Burada məni həm təltif ediblər, həm də yeni uğurlara ruhlandırıblar.
Azərbaycan vətəndaşı kimi istəyim odur ki, bu sahə burada inkişaf etsin, yeni çempionlar yetişsin. Siz özünüz qeyd etdiniz - məndən başqa dünya çempionu yoxdur. Mən istəyirəm ki, bu nəticə dəyişsin! Gürcüstanda da bizim çox istedadlı gənclərimiz var, onlar rahatlıqla Azərbaycan adından çıxış edə bilərlər - onları “legioner” adlandırmaq belə olmaz.
- Sizin haqqınızda həmişə çoxlu söz-söhbətlər olub. Yaxşıları da, elə də yaxşı olmayanları da… Doğrudur ki, məktəbi qızıl medalla bitirmisiniz?
- Tamamilə doğrudur. Təkcə 42 nömrəli məktəbi qızıl medalla bitirməmişəm, həm də Tibb İnstitutunu (indiki Tibb Universiteti) qırmızı diplomla başa vurmuşam.
- Deyilənə görə, toyunuza ölkə başçısı İlham Əliyev dəstək olub…
- Bu da doğrudur. Və təkcə toy məsələsində yox. Mənə ev də, maşın da hədiyyə edib. Bunun üçün ona çox minnətdaram.
- Hazırda qarşınıza hansı məqsədləri qoymusunuz?
- Mən uzun illər Azərbaycan uşu-sanda idmanını idmançı kimi inkişaf etdirmişəm. Hamı bu idman növünü daha çox mənim uğurlarımdan sonra tanıyıb. Mənə fərqli yanaşa bilərlər, amma bunu inkar etmək mümkün deyil. İndi yeganə məqsədim sevdiyim idman növünü məşqçi kimi inkişaf etdirmək və yeni nəsil yetişdirməkdir. Elə şagirdlər yetişdirim ki, təkcə mənim nəticələrimi təkrarlamasınlar, üstələsinlər. Axı hər bir məşqçi üçün ən böyük qürur - şagirdinin müəllimini keçməsidir.
Vüqar Vüqarlı
